Ozonoterapiya son illərdə həm tibbdə, həm də estetik sahədə diqqət çəkən müasir üsullardan biridir. Bu metod haqqında cəmiyyətdə maraq artsa da, çoxları onun əslində necə təsir göstərdiyini və hansı hallarda tətbiq olunduğunu tam bilmir.
Mövzu ilə bağlı Zahra klinikasının həkim fizioterapevt və ozonoterapevti Xatirə Heybətova E-saglam.az-a müsahibə verib. Mütəxəssis suallarımızı cavablandıraraq ozonoterapiyanın mahiyyətini, tarixi köklərini və real klinik təsirləri ilə bağlı məsələlərə aydın gətirib.
– Xatirə doktor, ozonoterapiya nədir və onu klassik müalicə üsullarından fərqləndirən əsas xüsusiyyətləri hansılardır?
– Ozonoterapiya 5% ozon və 95% oksigendən ibarət, çox təbii və müasir müalicə üsuludur. Geniş tətbiq sahəsinə malikdir. Zərərsiz olması, qısa zamanda yüksək effekt göstərməsi, qanı toksinlərdən təmizləyərək qan dövranını yaxşılaşdırması və orqanizmi virus, göbələk və bakteriyalardan təmizləməsi bu terapiyanı klassik metodlardan fərqləndirir.
– Ozonoterapiyanın tarixi nə qədər qədimdir? Bu metod necə yaranıb?
– Bu müalicə metodunun geniş istifadəsi I Dünya müharibəsi dövrünə gedib çıxır. Həmin dövrdə yaralı əsgərlərin müalicəsində antibiotiklər kifayət etmədiyi üçün ozonterapiya tətbiq olunub və yüksək effektiv nəticələr verib. Bu gün də kimyəvi dərmanların hər zaman tam effekt vermədiyi və virusların geniş yayıldığı bir dövrdə ozonterapiya özünü doğrultmuş, real nəticələr göstərmiş üsuldur. Bu artıq trend deyil, təsdiqlənmiş müalicə metodudur.
– Ozon orqanizmdə necə təsir göstərir?
– Terapevtik dozada tətbiq olunan ozon virus, göbələk və bakteriyalara öldürücü təsir göstərir. Virusların kapsuluna daxil olaraq hüceyrəni dağıdır və güclü oksidləşdirici təsir yaradır. Eyni zamanda seçici təsirə malikdir – insanın orqan və toxumalarına zərər vermədən hüceyrələrin yenilənməsini sürətləndirir, enerjini artırır və immun sistemini gücləndirir.
– Hansı xəstəliklərin müalicəsində istifadə olunur?
– Ozonoterapiya çox geniş təsir dairəsinə malikdir. Hipertireoz və bəzi qan xəstəlikləri istisna olmaqla, demək olar ki, orqanizmdə baş verən bir çox xəstəliklərin müalicəsində tətbiq olunur.
– Prosedurun effektiv olması üçün hansı şərtlər vacibdir?
– Ən vacib şərtlərdən biri prosedur zamanı istifadə olunan bütün materialların ozona davamlı olmasıdır. Əks halda müalicə effektiv olmaz. Prosedur düzgün şəkildə aparılarsa, ilk seansdan nəticə almaq mümkündür.
– Əks göstərişlər və yan təsirlər varmı?
– Əks göstərişlər qalxanabənzər vəzin hipertireoz xəstəliyi və bəzi qan xəstəlikləridir. Yan təsirlər müşahidə olunmur. Lakin prosedurun mütləq mütəxəssis həkim tərəfindən aparılması vacibdir ki, risk halları yaranmasın.
– Ozonoterapiyanın kosmetologiyada rolu nədir?
– Ozonoterapiya hüceyrələrin yenilənməsini sürətləndirir. Anti-age təsirə malikdir, dəridə kollagen sintezini artırır, qırışları azaldır və dərini cavanlaşdırır. Buna görə kosmetik məqsədlə də geniş istifadə olunur.
– Ozonoterapiya ilə bağlı miflər varmı?
– Bu sahədə mif anlayışı yoxdur. Prosedur düzgün və mütəxəssis tərəfindən həyata keçirilərsə, effektiv və yüksək nəticə əldə olunur. Mən bunu illərin təcrübəsinə əsaslanaraq əminliklə deyirəm.