Tibbi xəbərlər
Övladlarının adını belə xatırlamırdı – danışmağı unutduran beyin şişindən
Tibbi xəbərlər
197

Övladlarının adını belə xatırlamırdı – danışmağı unutduran beyin şişindən möcüzəvi şəkildə sağaldı

Beyin şişindən yaranan nitq pozğunluğundan əziyyət çəkən və anasını da eyni xəstəlikdən itirən 64 yaşlı Zəminə Çakal əməliyyatla sağlamlığına qovuşub.

E-saglam.az xəbər verir ki, Xorasan rayonunda yaşayan dörd uşaq anası Çakal iki ay əvvəl başgicəllənmə, tarazlıq problemi və nitq çətinliyi ilə Ərzurum Şəhər Xəstəxanasına müraciət edib. Müayinə zamanı beyninin sol tərəfində nitq mərkəzinə yaxın 7 santimetrlik şiş aşkarlanıb.

Həkimlər onu “oyaq əməliyyat” üsulu ilə əməliyyat ediblər. Proses təxminən dörd saat davam edib. Əməliyyat zamanı xəstə ilə söhbət aparılıb və şiş uğurla götürülüb. Qadın həm nitq pozğunluğundan, həm də digər şikayətlərindən xilas olub və eyni xəstəlikdən dünyasını dəyişən anasının taleyindən yayınmağı bacarıb.

Xəstənin oğlu Yavuz Çakal anasının səhhətindəki problemlərin ailəni çox kədərləndirdiyini bildirib:

“Anam danışa bilmir, heç kimlə ünsiyyət qura bilmirdi. Bəzən sadə sözləri belə səhv deyirdi. Hətta bacımın adını qarışdırırdı. İndi isə hər şey qaydasındadır: danışığı, yerişi tamamilə normallaşıb”.

Zeminə Çakal isə əməliyyatdan sonra duyğularını belə ifadə edib:

“Mənə suallar verirdilər, amma cavab verə bilmirdim. Övladlarımın adlarını belə unudurdum. Anam da beyin şişindən əməliyyat olunmuşdu, amma sağ qala bilmədi. Mən sağaldığım üçün çox sevinirəm”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun