Sağlamlıq
Gec yatmaq kökəldir? Alimlərdən
Sağlamlıq
235

Gec yatmaq kökəldir? Alimlərdən diqqətçəkən araşdırma

ABŞ-ın Kaliforniya və Kolumbiya universitetlərinin alimləri tərəfindən aparılan yeni araşdırma yeniyetmələrin yuxu saatları ilə bədən kütlə indeksi arasında birbaşa əlaqə olduğunu ortaya qoyub.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, gecə oyaq qalan yeniyetmələr hər əlavə saat üçün bədən kütlə indeksinə orta hesabla 2,1 bal əlavə edirlər. Araşdırma elmi jurnal olan "Sleep"də dərc olunub.

Mütəxəssislər bildirirlər ki, gec yatmağın təsiri səhərlər daha uzun yatmaqla kompensasiya edilmir. Tədqiqat qrupunun rəhbəri Lauren Asarnow Guardian qəzetinə açıqlamasında qeyd edib ki, nəticələr yeniyetmələrdə yatma saatının, ümumi yuxu müddətindən asılı olmayaraq, çəki nəzarətinə birbaşa təsir göstərdiyini sübut edir.

Araşdırmalar ümumilikdə gec yatmağın çəki artımına təsir etdiyini göstərir. Bunun əsas səbəblərindən biri qeyri-müntəzəm qidalanmadır. Gec yatan insanlar adətən daha gec saatlarda yemək yeyir ki, bu da maddələr mübadiləsinin yavaşlamasına və artıq çəkiyə səbəb ola bilər. Eyni zamanda, yuxusuzluq enerji səviyyəsini aşağı salır, fiziki aktivliyi azaldır və hərəkətsiz həyat tərzinə yol açır.

Gec yatmaq hormonal balansı da poza bilər. Yuxu rejimi aclıq və toxluq hissinə cavabdeh olan leptin və qrelin hormonlarına birbaşa təsir göstərir. Yuxu çatışmazlığı leptinin azalmasına, qrelinin isə artmasına səbəb olur. Nəticədə iştah artır və çəkiyə nəzarət çətinləşir.

Mütəxəssislər vurğulayırlar ki, gec yatmağın mənfi təsirləri yalnız çəki artımı ilə məhdudlaşmır. Bu vərdiş uzun müddətdə əhval pozğunluğu, diqqət və yaddaş problemləri, həmçinin immun sisteminin zəifləməsi ilə də nəticələnə bilər.

Sağlam yuxu rejimi formalaşdırmaq üçün hər gün eyni saatda yatmaq və oyanmaq, gec saatlarda ağır yeməklərdən uzaq durmaq, yatmazdan əvvəl elektron cihazlardan istifadəni məhdudlaşdırmaq və müntəzəm fiziki aktivlik tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, kifayət qədər və keyfiyyətli yuxu sağlam həyat tərzinin və çəki nəzarətinin vacib tərkib hissəsidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun