Qış aylarında havaların soyuması ilə birlikdə infeksion xəstəliklərin sayı artır və bədənin müdafiə sistemini gücləndirən təbii vasitələrə maraq yüksəlir. Mütəxəssislər bu dövrdə yüksək antioksidan və C vitamini tərkibi ilə seçilən zoğalın immunitet üçün əhəmiyyətinə diqqət çəkirlər.
E-saglam.az xəbər verir ki, zoğal immunitet sistemini dəstəkləyən, orqanizmin qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı müqavimətini artırmağa kömək edən təbii meyvələrdən biridir. Tərkibindəki güclü antioksidanlar sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur və xroniki xəstəlik riskini azalda bilər.
Şimali Amerika və Şərqi Avropada geniş yayılmış zoğal acı və turş dadı ilə seçilən kiçik qırmızı giləmeyvədir. Qurudulmuş halda, şirə və mürəbbə formasında istehlak edilən bu meyvə yüksək qida dəyərinə malikdir. Zoğalın təxminən 90 faizi sudan ibarətdir və E, K, C vitaminləri ilə zəngindir.
Zoğalın yüksək lif tərkibi bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır, şişkinlik və həzmsizlik problemini azaldır. Prebiotik təsiri sayəsində bağırsaq florasını dəstəkləyir və həzm sisteminin sağlam işləməsinə kömək edir.
Antioksidanlarla zəngin tərkibi zoğalı dəri sağlamlığı üçün də faydalı edir. Bu maddələr dərinin elastikliyini artırır, qocalma əlamətlərini ləngidir, iltihab və sızanaqların görünüşünü azaltmağa kömək edir. Dəri tonunun bərabərləşməsinə və daha sağlam görünüş qazanmasına töhfə verir.
Zoğal eyni zamanda ürək-damar sağlamlığı üçün də önəmlidir. Tərkibindəki kalium qan təzyiqinin tənzimlənməsinə kömək edir, antioksidan və iltihab əleyhinə təsiri isə damar sağlamlığını qoruyaraq infarkt və insult riskinin azalmasına dəstək verir.
Mütəxəssislər zoğalın müntəzəm və ölçülü şəkildə istehlakının immunitet, bağırsaq, dəri və ürək sağlamlığı üçün faydalı olduğunu bildirirlər. Bununla belə, hər hansı sağlamlıq problemi olan şəxslərə zoğalı rasionlarına əlavə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc