Arıların minlərlə çiçəkdən topladığı nektardan yaranan bal, tərkibi və sağlamlığa təsiri baxımından coğrafiyaya görə dəyişən güclü qida mənbəyidir.
E-saglam.az xəbər verir ki, şam, şabalıd, lavanda və kəklikotu kimi bal növləri rəngi, ətri və faydaları ilə bir-birindən fərqlənir. Mütəxəssislər bildirir ki, baldan danışarkən tək bir dad və ya tək bir fayda anlayışı yoxdur.
Düzce Universiteti Arıçılıq Tədqiqat Mərkəzinin direktoru professor Dr. Meral Kekeçoğlunun sözlərinə görə, ballar əsasən monofloral və polifloral olmaqla iki qrupa ayrılır. Monofloral ballar arıların əsasən bir bitkidən nektar topladığı ballardır və daha çox müalicəvi məqsədlərlə istifadə olunur. Şabalıd balı yüksək fenolik tərkibinə görə antioksidant və antibakterial təsiri ilə seçilir, ürək-damar sağlamlığını dəstəkləyir.
Mütəxəssis xüsusilə “dəli bal” kimi tanınan rododendron balına diqqət çəkir. Bu bal qan təzyiqini sala bilər, lakin düzgün istifadə edilmədikdə ciddi sağlamlıq riskləri yarada bilər. Kəklikotu balı ağız və sidik yolu infeksiyalarında, palıd balı isə anemiya hallarında faydalı hesab olunur. Şam və sidr balları immuniteti gücləndirən bal şehi balları sırasındadır.
Diabet xəstələri üçün isə qlikemik indeksi nisbətən aşağı olan şam, şabalıd və akasiya balı daha uyğun sayılır. Lakin mütəxəssislər balın mütləq çiy və keyfiyyətli olmasına diqqət edilməli olduğunu vurğulayırlar.
Balın istehlak formasına gəldikdə, professor Kekeçoğlu düzgün istehsal olunmuş süzülmüş balın daha təhlükəsiz olduğunu bildirir. Onun sözlərinə görə, keyfiyyətli bal həm qida, həm də təbii dəstək vasitəsi kimi gündəlik rasionda yer ala bilər.
Tərcümə: Könül Oruc