Tibbi xəbərlər
Avropada tibbi xidmətlərə çıxış böhranı:
Tibbi xəbərlər
148

Avropada tibbi xidmətlərə çıxış böhranı: hansı ölkələr geridə qalır?

Avropada milyonlarla insan tibbi müayinə və ya müalicəyə ehtiyac duysa da, bu xidmətlərə vaxtında və ya kifayət qədər çıxış əldə edə bilmir. Avrostat və OECD məlumatlarına əsasən, Aİ-də 16 yaşdan yuxarı əhalinin təxminən 4 faizi qarşılanmamış tibbi ehtiyacının olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu problemin əsas səbəbləri sırasında səhiyyə sistemlərində uzun gözləmə müddətlərini, müalicə xərclərinin yüksək olmasını və xidmətlərə coğrafi əlçatanlığın zəifliyini göstərirlər. Ölkələr arasında fərqlər isə diqqətçəkicidir.

Səhiyyə ehtiyaclarının ödənilmədiyini bildirənlərin nisbəti Kiprdə 0,2 faiz olduğu halda, Estoniyada bu göstərici 15,5 faizə çatır. Albaniya və Yunanıstanda da 13 faizdən yüksək nəticələr qeydə alınıb. Maraqlıdır ki, Danimarka, Finlandiya və Norveç kimi varlı Skandinaviya ölkələrində də ödənilməmiş ehtiyaclar Aİ ortalamasından yüksəkdir.

Buna qarşılıq, Almaniya, Avstriya və Niderland kimi ölkələrdə qarşılanmamış tibbi ehtiyaclar 1–1,5 faiz səviyyəsində qalır ki, bu da həmin ölkələrdə səhiyyə xidmətlərinin daha əlçatan olduğunu göstərir. Fransada isə bu göstərici 6 faizdən artıqdır.

Araşdırmalar göstərir ki, bəzi ölkələrdə əsas problem müalicənin baha olmasıdır, digərlərində isə uzun gözləmə siyahılarıdır. Eyni zamanda, aşağı gəlirli qruplar bütün Aİ üzrə tibbi xidmətlərə çıxışda daha çox çətinlik yaşayır.

Mütəxəssislər bildirirlər ki, ödənilməmiş tibbi ehtiyaclar təkcə maliyyə ilə bağlı deyil. Səhiyyə sistemlərinin təşkili, kadr çatışmazlığı, diaqnoz və müalicəyə çıxışdakı gecikmələr də bu problemin dərinləşməsinə səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun