Hər gün 40 milyondan çox insan sağlamlıq sualları üçün ChatGPT-yə müraciət edir.
E-saglam.az xəbər verir ki, OpenAI-ın açıqladığı məlumatlara görə, ChatGPT-nin 800 milyondan çox müntəzəm istifadəçisi var və onların 40 milyondan çoxu hər gün platformaya sağlamlıqla bağlı suallar ünvanlayır. Təxminən 200 milyon istifadəçi isə bunu həftəlik əsasda edir.
Anonimləşdirilmiş məlumatlar göstərir ki, sağlamlıq mövzulu sorğuların 50 faizdən çoxu simptomların yoxlanması ilə bağlıdır. Həftəlik mesajların təxminən 2 milyonu sağlamlıq sığortası məsələlərini – plan müqayisəsi, xərclər və sığorta tələblərini əhatə edir.
OpenAI bildirir ki, bu yüksək maraq xüsusilə ABŞ səhiyyə sistemindəki struktur problemlərlə əlaqəlidir. Şirkətin araşdırmasına əsasən, ABŞ vətəndaşlarının 60 faizi mövcud səhiyyə sistemini qeyri-effektiv hesab edir, əsas problem isə xəstəxana xərclərinin yüksəkliyidir.
Hesabata görə, sağlamlıqla bağlı ChatGPT söhbətlərinin 70 faizi klinik iş saatlarından kənarda baş verir. Bununla yanaşı, OpenAI vurğulayır ki, çatbotlardan özünü diaqnostika və ya müalicə məqsədilə istifadə olunmamalıdır və bu sahədə aydın tənzimləyici çərçivəyə ehtiyac var.
Mənbə: Valyuta.az