Tibbi xəbərlər
Əlləriniz və ayaqlarınız daim üşüyürsə,
Tibbi xəbərlər
324

Əlləriniz və ayaqlarınız daim üşüyürsə, təhlükədə ola bilərsiniz

Soyuq havada əllərin və ayaqların ilk üşüyən nahiyələrinin səbəbi yalnız hava istiliyi deyil.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal çox zaman qan dövranı sistemi və bədənin istiliyi necə paylaması ilə bağlıdır.

Qış aylarında bir çox insan, xüsusən də əllərdə və ayaqlarda soyuqluq hissindən şikayətlənir. Soyuğa qarşı həssaslıq fərdi olsa da, bədənin ilk olaraq məhz bu nahiyələrdə istilik itirməsi təsadüfi deyil.

Mütəxəssislərin fikrincə, barmaqlar bədənin istilik mərkəzi sayılan qarın nahiyəsindən ən uzaq nöqtələrdir. Bundan əlavə, əllərdə və ayaqlarda istilik yaradan iri əzələ qruplarının olmaması bu bölgələrin daha tez soyumasına səbəb olur.

Kanadanın Ontario əyalətində yerləşən Brok Universitetinin tədqiqatçısı Stephen Cheung qeyd edir ki, əllər və ayaqlar istilik itkisi baxımından böyük səthə malikdir. Onun sözlərinə görə, bu nahiyələrdə istiliyi qorumaq üçün kifayət qədər izolyasiya mövcud deyil.

Soyuq hava zamanı orqanizm qanı əsasən ürək, beyin və ağciyər kimi həyati vacib orqanlara yönəldir. Bu zaman əllərdə və ayaqlarda yerləşən kiçik qan damarları daralır və həmin bölgələrdə soyuqluq daha qabarıq hiss olunur. Mütəxəssislər bu prosesi bədənin “həyati orqanlar əvvəlcə” müdafiə mexanizmi kimi izah edirlər.

Daim soyuq əllər və ayaqlar bəzən anemiya, diabet, hipotiroidizm, qan dövranı pozğunluqları, stress, yüksək təzyiq və zəif immun sistemi kimi sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Bu hal qadınlarda, uşaqlarda, yaşlılarda və arıq insanlarda daha tez-tez müşahidə olunur.

Ailə həkimi Dr. Neha Vyas bildirir ki, əllərin və ayaqların soyuqluğunun qəfil başlaması və ya zamanla artması ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislər bu simptomlar davamlıdırsa, həkimə müraciət etməyin vacibliyini vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun