Yeni araşdırma göstərir ki, körpələrə erkən yaşda fıstıq məhsullarının verilməsi qida allergiyalarının, xüsusilə də fıstıq allergiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Mütəxəssislərin fikrincə, tibbi tövsiyələrdə edilən bu dəyişiklik real həyatda on minlərlə uşağın allergiyadan qorunmasına kömək edib.
E-saglam.az xəbər verir ki, 2015-ci ildə təqdim olunan yeni təlimat körpələrə dörd aylıq yaşdan etibarən fıstıq tərkibli məhsulların az miqdarda verilməsini tövsiyə edib. Bu yanaşma əvvəlki illərdə tətbiq olunan, allergen qidaların üç yaşına qədər gecikdirilməsi praktikasını dəyişib. Nəticədə, ABŞ-də təxminən 60 min uşağın fıstıq allergiyası inkişaf etdirməsinin qarşısı alınıb.
Bu tövsiyələr Avropa standartları ilə də uyğunluq təşkil edir. Avropa Allergiya və Klinik İmmunologiya Akademiyası 2021-ci ildə dörd-altı aylıq körpələrə fıstıq verilməsini tövsiyə edib. Birləşmiş Krallıq və Fransa da oxşar yanaşmanı qəbul edib. Tibb jurnalı Pediatricsdə dərc olunan son araşdırma bu strategiyanın effektivliyini təsdiqləyib.
Filadelfiya Uşaq Xəstəxanasının allerqoloqu Dr. David Hill bildirib ki, bu ictimai səhiyyə tədbirləri olmasaydı, bu gün daha çox uşaq qida allergiyası ilə üzləşərdi. Araşdırma göstərib ki, yüksək risk qrupunda olan uşaqlarda fıstıq allergiyası halları 2015-ci ildən sonra 27 faizdən çox, tövsiyələr genişləndirildikdən sonra isə 40 faizdən çox azalıb.
Mütəxəssislər xatırladır ki, fıstıq allergiyası immun sisteminin fıstıq zülallarını səhvən təhlükəli qəbul etməsi nəticəsində yaranır və bəzi hallarda həyati təhlükə yarada bilər. Buna baxmayaraq, elmi sübutlar erkən və nəzarətli tanışlığın immun sistemi bu qidalara uyğunlaşdırdığını göstərir.
Həkimlər valideynlərə körpələrinə fıstıq məhsulları verərkən az miqdarlardan başlamağı və hər hansı şübhə yarandıqda pediatrla məsləhətləşməyi tövsiyə edirlər. Fıstıq yağı, qatıqla qarışdırılmış allergenlər və oxşar formalar körpələr üçün daha təhlükəsiz hesab olunur.
Tərcümə: Könül Oruc