Gözəllik-dəb
Stress cildə necə
Gözəllik-dəb
275

Stress cildə necə təsir edir?

Stress bədəndə demək olar ki, bütün orqan sistemlərinə təsir göstərə bilər. Lakin bu təsirin ən tez və aydın şəkildə göründüyü orqan dəridir.

E-saglam.az xəbər verir ki, dəri bədənimizin ən böyük orqanıdır və immun, sinir və hormonal sistemlərlə sıx əlaqədədir. Buna görə də fiziki, zehni və emosional stress birbaşa dəri sağlamlığında əks olunur.

Stress zamanı orqanizmdə kortizol hormonu artır. Bu hormonun yüksəlməsi dəridə müxtəlif reaksiyalara səbəb olur. Dermatologiya üzrə mütəxəssis Prof. Dr. Burhan Engin bildirir ki, müasir həyatın sürətli tempi, şəhər həyatının gərginliyi və artan məsuliyyətlər stress səviyyəsini yüksəldir və bu da dərinin görünüşünü dəyişir. Narahatlıq, qəzəb və kədər kimi emosiyalar yalnız daxili sağlamlığa deyil, dərinin vəziyyətinə də mənfi təsir göstərir.

Elmi araşdırmalar sübut edir ki, stress zamanı ifraz olunan kortizol dərinin yağ balansını pozur, məsamələrin tutulmasına və sızanaqların artmasına səbəb olur. Qan dövranının pozulması isə dərinin solğun və yorğun görünməsinə gətirib çıxarır. Xroniki stress uzunmüddətli dövrdə immun sistemi zəiflədir və ekzema, psoriaz, saç tökülməsi, alopesiya areata və vitiligo kimi dəri xəstəliklərinin yaranma riskini artırır. Mütəxəssislər bu səbəbdən də tez-tez “dəri ruhun güzgüsüdür” ifadəsini xatırladır.

Stresslə yanaşı, gündəlik həyatda edilən bəzi vərdişlər də dəri üçün gizli təhlükə hesab olunur. Günəşdə həddindən artıq qaralma və ya solyari istifadəsi zamanla ləkələrə, qırışlara və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. Yuxu çatışmazlığı dərinin solğunlaşmasına, göz altı qaralmalarına və bərpa prosesinin ləngiməsinə gətirib çıxarır. Dəri tipinə uyğun olmayan kosmetik məhsullar məsamələri tıxayır, allergik reaksiyalar və qalıcı zədələnmələr yarada bilər. Siqaret dərinin oksigenlə təminatını azaldır, kollageni zədələyir və erkən qocalmaya səbəb olur. Spirtli içkilər isə dərinin nəm saxlama qabiliyyətini zəiflədir. Həddindən artıq şəkər və emal olunmuş qidalar iltihabı artıraraq kollagenin parçalanmasını sürətləndirir.

Dərinin sağlam qalması yalnız kosmetik baxımdan deyil, həyat tərzi ilə də birbaşa bağlıdır. Keyfiyyətli yuxu dərinin yenilənməsini dəstəkləyir və kollagen istehsalını artırır. Balanslı qidalanma, vitamin və minerallarla zəngin rasion dərinin daha canlı görünməsinə kömək edir. Kifayət qədər su içmək dərinin nəm balansını qoruyur və erkən qocalmanın qarşısını alır. Stressin idarə olunması, dərin nəfəs məşqləri, gəzinti və fiziki aktivlik həm psixoloji rahatlıq yaradır, həm də dəriyə müsbət təsir göstərir. Günəşdən qorunmaq və mütəmadi nəmləndirici istifadə etmək isə dəri sağlamlığının əsas şərtlərindən sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun