Səhiyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki, qış aylarında susuzlaşma çox vaxt nəzərdən qaçırılır. Bu vəziyyət yorğunluq, zehni bulanıqlıq və uzun müddətdə böyrək problemləri riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, səhiyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki, qış aylarında susuzlaşma çox vaxt nəzərdən qaçırılır. Bu vəziyyət yorğunluq, zehni bulanıqlıq və uzun müddətdə böyrək problemləri riskini artıra bilər.
Hava soyuq olduqda insanlar adətən daha az su içirlər. Halbuki mütəxəssislərin fikrincə, qışda orqanizmin suya ehtiyacı yay ayları qədər, bəzən isə daha çox ola bilər. Purdue Universitetinin Tibb Bacısı Məktəbinin klinik dosenti Yadira Santiago Banuelos bildirir ki, düzgün nəmləndirmə təkcə ümumi sağlamlıq üçün deyil, dəri, oynaqlar və immunitet sistemi üçün də vacibdir.
Banuelosa görə, bədən daxildən kifayət qədər nəmləndikdə dəri quruluğu azalır, oynaqların hərəkəti daha rahat olur və xüsusilə qış aylarında rast gəlinən soyuqdəymə və qripə qarşı müdafiə güclənir. Selikli qişaların nəm qalması virus və bakteriyalara qarşı təbii baryer rolunu oynayır.
Mütəxəssislər qeyd edirlər ki, qışda susuzlaşma daha az hiss olunur. Bunun əsas səbəblərindən biri soyuq havada susuzluq hissinin zəifləməsidir. Araşdırmalara görə, soyuq aylarda susuzluq reseptorlarının fəaliyyəti təxminən 40 faiz azalır. Bu isə insanların artıq susuzlaşdıqlarını gec fərq etmələrinə səbəb olur.
Bundan əlavə, quru hava dəridən nəmi çəkir, soyuq səbəbindən sidiyə çıxma artır və tərləmə davam etsə də, tez buxarlandığı üçün hiss olunmur. Bütün bunlar bədənin maye itirməsinə gətirib çıxarır.
Susuzlaşma yüngül hallarda başgicəllənmə, quru dəri, çatlamış dodaqlar və yorğunluqla özünü göstərə bilər. Uzunmüddətli və ciddi susuzlaşma isə böyrək daşları və böyrək çatışmazlığı riskini artıra bilər.
Gündəlik su ehtiyacı insandan insana dəyişir. Mütəxəssislərin tövsiyəsinə görə, kişilər gündə təxminən 3 litr, qadınlar isə orta hesabla 2 litr su qəbul etməlidirlər. Hamiləlik və ana südü ilə qidalandırma dövründə bu ehtiyac daha da arta bilər.
Qış aylarında susuzluq hissini gözləmədən, müntəzəm olaraq su içmək sağlamlığın qorunması üçün vacib hesab olunur.
Tərcümə: Könül Oruc