Qidalanma
Xurmanın faydaları ilə yanaşı riskləri də var:
Qidalanma
94

Xurmanın faydaları ilə yanaşı riskləri də var: Yeməzdən əvvəl iki dəfə düşünün

Xurmanın faydaları ilə yanaşı riskləri də var və mütəxəssislər onu istehlak etməzdən əvvəl porsiya miqdarına diqqət yetirməyi tövsiyə edirlər.

E-saglam.az xəbər verir ki, son dövrlər xurma sağlam qidalanma siyahılarında geniş yer alır, sosial mediada isə müxtəlif reseptlərlə “super qida” kimi təqdim olunur. Lakin alimlər bildirirlər ki, xurmanın faydalı olması onun limitsiz yeyilə biləcəyi anlamına gəlmir.

Vanderbilt Universitetinin diyetoloqu Dr. Heidi Silver xurmanın lif, kalsium, maqnezium, kalium, niasin, folat, A vitamini, beta-karoten, lutein və selen kimi vacib maddələrlə zəngin olduğunu qeyd edir. Bu xüsusiyyətlərinə görə xurma qidalı və sağlam meyvə hesab olunur.

Bununla belə, həddindən artıq istifadə kalori və şəkər yüklənməsinə səbəb ola bilər. Orta hesabla 100 qram xurma, yəni dörd Medjool xurması təxminən 277 kalori və 66 qram şəkər ehtiva edir. Mütəxəssislər vitamin almaq məqsədilə bütün qablaşdırmanı bir dəfəyə yeməyin düzgün olmadığını vurğulayırlar.

Klivlend Klinikasının diyetoloqu Culiya Zumpanonun sözlərinə görə, gündə iki böyük və ya üç kiçik xurma kifayət edir. Bu miqdar təxminən 57 qramdır və qəbul edilən şəkər və kalorini xeyli azaldır. Mütəxəssislər gündə iki xurmanı sağlam porsiya kimi qiymətləndirirlər.

Xurmanın xolesterinə təsiri ilə bağlı isə nəticələr hələ tam aydın deyil. Bəzi araşdırmalar ümumi xolesterol və triqliseridlərin azalmasını göstərsə də, Dr. Silver bildirir ki, LDL xolesterinə təsiri qəti sübut olunmayıb. Yalnız 2-ci tip diabetli şəxslərdə ümumi xolesterolda müəyyən azalma müşahidə edilib.

Qan şəkəri yüksək olan şəxslər də diqqətli olmalıdır. Xurma əlavə şəkər ehtiva etməsə də, təbii şəkərlə zəngindir. Bununla yanaşı, lif tərkibi sayəsində aşağı qlisemik indeksə malikdir və qan şəkərində qəfil sıçrayışların qarşısını qismən ala bilir.

Mütəxəssislər xurmanın rafinə edilmiş şəkərə alternativ ola biləcəyini bildirirlər. Çayla birlikdə şirniyyat əvəzinə xurma yemək və ya reseptlərdə ağ şəkər əvəzinə xurmadan istifadə etmək daha sağlam seçim hesab olunur. Lakin burada da əsas məsələ porsiya nəzarətidir.

Liflə zəngin olan xurma bağırsaq sağlamlığını dəstəkləyə bilər. Mütəxəssislər onun tərəvəzlər, paxlalılar, qoz-fındıq və tam taxıllarla birlikdə balanslı pəhrizin bir hissəsi kimi istehlak edilməsini tövsiyə edirlər. Həddindən artıq xurma qəbulu isə ishala səbəb ola bilər, az miqdarda istifadə isə qəbizliyin qarşısını almağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun