İqlim böhranının uşaqların fiziki inkişafına təsiri ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
E-saglam.az xəbər verir ki, Kaliforniya Universitetinin Santa Barbara kampusunda aparılan tədqiqata görə, hamiləlik dövründə həddindən artıq isti və rütubətli hava şəraitinə məruz qalan anaların uşaqları həmyaşıdlarına nisbətən daha qısa boylu olma riski ilə üzləşir.
"Science Advances" jurnalında dərc olunan araşdırmada vurğulanır ki, sağlamlıq üçün təhlükə yaradan təkcə yüksək temperatur deyil, eyni zamanda yüksək rütubətdir. Rütubətli hava bədənin tərləmə yolu ilə soyumasını çətinləşdirir, bu isə istilik stressinə səbəb olur. Alimlər bildirirlər ki, rütubət hətta nisbətən aşağı temperaturda belə orqanizm üçün risk yarada bilər.
Tədqiqatın aparıcı müəllifi Keti MakMahon qeyd edir ki, hormonal dəyişikliklər və bədən yükünün artması səbəbindən hamilə qadınlar istilik stressinə daha həssasdır. Xüsusilə hamiləliyin son aylarında bu vəziyyət vaxtından əvvəl doğuşa, eləcə də uşağın inkişaf və sağlamlıq problemlərinə yol aça bilər.
Araşdırma çərçivəsində 5 yaşdan kiçik uşaqlarda boy və yaş nisbəti qiymətləndirilib. Hər üç trimestrdə həm isti, həm də rütubətli hava şəraitinə məruz qalan uşaqların orta hesabla həmyaşıdlarından 13 faiz daha qısa olduğu müəyyən edilib. Yalnız yüksək temperaturun təsirinə məruz qalanlarda isə bu göstərici cəmi 1 faiz təşkil edib.
Tədqiqat əsasən Cənubi Asiyada yaşayan hamilə qadınlar üzərində aparılıb. Alimlərin hesablamalarına görə, istixana qazı tullantıları indiki templə davam edərsə, 2050-ci ilə qədər təkcə bu bölgədə təxminən 3,5 milyon uşaqda boy inkişafının ləngiməsi müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, ekstremal hava şəraiti yalnız ölüm halları ilə ölçülməməlidir. Bu cür iqlim hadisələri daha geniş miqyasda sağlamlıq problemlərinə səbəb olur və uzunmüddətli təsirlər yaradır. Qlobal istiləşmə 2 dərəcə ilə məhdudlaşdırılsa belə, Cənubi Asiyanın hər il təhlükəli isti dalğalarla üzləşəcəyi proqnozlaşdırılır.
Tərcümə: Könül Oruc