Tibbi xəbərlər
Prediabet geri qaytarıla
Tibbi xəbərlər
14

Prediabet geri qaytarıla bilərmi?

Prediabet qan şəkəri səviyyəsinin normadan yüksək olması, lakin diabet diaqnozu üçün kifayət qədər yüksəlməməsi ilə xarakterizə olunur. Bu vəziyyət adətən heç bir əlamət vermir və çox vaxt yalnız sadə qan analizi ilə aşkarlanır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, prediabet erkən mərhələdə müəyyən edildikdə 2-ci tip diabetin qarşısını almaq mümkündür.

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk prediabeti “diabetin izləri” kimi xarakterizə edir və qeyd edir ki, 2-ci tip diabet diaqnozu alan insanların demək olar ki, hamısı bu mərhələdən keçib. Qan şəkərinin 100–126 mq/dl arasında olduğu dövr prediabet hesab olunur və bu mərhələ diabet qədər ciddi fəsadlara yol aça bilər.

Prediabet əksər hallarda simptomsuz keçir. Ağız quruluğu, güclü susuzluq, tez-tez sidiyə getmə, bulanıq görmə kimi əlamətlər adətən artıq diabet inkişaf etdikdən sonra ortaya çıxır. Bu səbəbdən mütəxəssislər risk qrupunda olan şəxslərə müntəzəm qan şəkəri yoxlanışlarını tövsiyə edirlər.

Xəstəliyin yaranmasında genetik meyillə yanaşı, artıq çəki, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, hipertoniya və hamiləlik diabeti mühüm rol oynayır. Bu risk faktorları olan şəxslərin ildə ən azı bir dəfə acqarına qan şəkərini yoxlatması vacib sayılır.

Mütəxəssislərin fikrincə, prediabet geri qaytarıla bilən bir vəziyyətdir. Arıqlamaq, fiziki aktivliyi artırmaq, sağlam və balanslı qidalanmaq insulinə həssaslığı yaxşılaşdırır və diabetə keçid riskini azaldır. Bu mərhələdə həyat tərzində edilən dəyişikliklər uzunmüddətli qoruyucu təsir göstərə bilər.

Müalicə olunmayan prediabet zamanla diabetə çevrilə bilər. Nəzarətsiz qalan diabet isə ürək-damar xəstəlikləri, yağlı qaraciyər, böyrək çatışmazlığı, insult və digər ciddi problemlərin yaranma riskini artırır. Buna görə də mütəxəssislər prediabetin vaxtında aşkarlanmasını və ciddi yanaşılmasını xüsusilə vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun