Dərmansız mədə qıcqırmasını azaltmağın təbii üsulları bir çox insanda rahatlama yarada bilər. Xüsusilə yağlı və ədviyyatlı yeməklərdən sonra yaranan bu narahatlıq gündəlik həyat keyfiyyətini aşağı salır. Belə hallarda dərman qəbul etməzdən əvvəl bəzi təbii vasitələr mədə turşusunu tarazlamağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, çobanyastığı çayı mədəni sakitləşdirən təsiri ilə seçilir. İlıq halda içildikdə mədə əzələlərinin rahatlamasına kömək edir, yanma və qıcqırma hissini azalda bilər. Axşam saatlarında qəbul edilməsi həm mədə narahatlığını yüngülləşdirir, həm də yuxuya getməyi asanlaşdırır.
Qatıq mədə yanması, yaxud qıcqırması zamanı tövsiyə olunan qidalar sırasındadır. Tərkibindəki probiotiklər həzm sistemini dəstəkləyir və mədə turşusunun balanslaşmasına yardımçı olur. Yeməkdən sonra bir neçə qaşıq sadə, ev qatığı qəbul etmək faydalı sayılır. Qatığın çox soyuq olmamasına diqqət edilməlidir.
Bananlar qələvi xüsusiyyətlərinə görə mədə turşusuna qarşı qoruyucu təsir göstərir. Mədə astarını örtərək yanma və qıcqırma hissini azalda bilər. Xüsusilə yetişmiş bananlar mədəni daha az qıcıqlandırır və ürək yanması zamanı rahatlama yaradır.
Zəncəfil mədə yanması və qıcqırması ilə mübarizədə istifadə olunan təbii vasitələrdəndir. Təzə zəncəfildən hazırlanmış ilıq çay həzmi asanlaşdırır və mədə turşusunun yuxarı qalxmasını azaltmağa kömək edir. Gündə bir fincan kifayət etsə də, mədəsi həssas olan şəxslərə ehtiyatla istifadə etmələri tövsiyə olunur.
Tərcümə: Könül Oruc