Sağlamlıq
Taxta qaşıqlarla yemək bişirmək
Sağlamlıq
110

Taxta qaşıqlarla yemək bişirmək təhlükəsizdir?

Silikon və plastik mətbəx qabları geniş yayılsa da, taxta qaşıqlar mətbəxlərdə hələ də öz yerini qoruyur.

E-saglam.az xəbər verir ki, davamlı və ekoloji cəhətdən təmiz hesab edilən bu klassik mətbəx alətləri ilə bağlı ən çox verilən suallardan biri onların təhlükəsiz olub-olmamasıdır.

Qida təhlükəsizliyi üzrə mütəxəssis, Şimali Karolina Dövlət Universitetinin tədqiqatçısı professor Ben Çapmanın sözlərinə görə, bu günə qədər taxta doğrama lövhələri və ya qaşıqların qida yolu ilə keçən xəstəliklərə səbəb olması ilə bağlı elmi olaraq təsdiqlənmiş hallar qeydə alınmayıb. Onun sözlərinə görə, ağacın məsaməli quruluşu səthdəki nəmi və bakteriyaları özünə çəkir, bu isə bakteriyaların çoxalması üçün əlverişsiz mühit yaradır. Bundan əlavə, ağacın tərkibində təbii antimikrob maddələr mövcuddur.

Mütəxəssislər taxta qabların təhlükəsiz qalması üçün düzgün qurudulmasının vacibliyini xüsusilə vurğulayırlar. Yuyulduqdan sonra taxta qaşıqlar ən azı 24 saat açıq havada tam qurumalıdır. Nəmli qalması bakteriyaların yaşaması üçün şərait yarada bilər. Bu səbəbdən qaşıqların başı yuxarı vəziyyətdə, kəsmə lövhələrinin isə hava dövranını təmin edəcək şəkildə dik saxlanması tövsiyə olunur.

Zamanla üzərində çatlar və ya tünd ləkələr yaranan taxta qaşıqlar isə dəyişdirilməlidir. Mütəxəssislər bildirir ki, çatlar mikroorqanizmlərin yerləşə biləcəyi boşluqlar yaradır və bu da effektiv təmizlənməni çətinləşdirir. Belə qabların istifadəsi tövsiyə edilmir.

Taxta qaşıqların baxımı üçün isti su və adi sabun kifayətdir. Qabyuyan maşınlar isə yüksək temperatur və uzunmüddətli nəmlik səbəbindən ağacın çatlamasına yol aça bilər. Mütəxəssislər həmçinin qaşıqları vaxtaşırı qida dərəcəli mineral yağla yağlamağın qurumanın və çatlamanın qarşısını aldığını bildirirlər. Ağacın udma xüsusiyyəti nəzərə alınaraq, ağardıcı və aşındırıcı kimyəvi maddələrdən istifadə edilməməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun