Biruni Universiteti Peşə Məktəbinin müəllimi, fizioterapevt Begüm Büyükerik smartfonlardan uzun müddət və yanlış mövqedə istifadənin əl, barmaq və biləkdə ciddi əzələ-skelet problemlərinə yol aça biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, Büyükerik qeyd edib ki, smartfonlar əslində iki əllə istifadə üçün nəzərdə tutulsa da, bir çox insan rahatlıq naminə telefonu tək əllə idarə etməyə üstünlük verir. Onun sözlərinə görə, bu vərdiş xüsusilə baş barmağa həddindən artıq yük düşməsinə səbəb olur.
“Bir əlli istifadə zamanı baş barmaq eyni hərəkətləri davamlı şəkildə təkrarlayır. Eyni zamanda əlin digər hissəsi telefonu saxlamaq üçün gərgin vəziyyətdə qalır. Bu hal zamanla ağrıya, performansın azalmasına və funksional məhdudiyyətlərə gətirib çıxara bilər”, – deyə Büyükerik vurğulayıb.
Mütəxəssis əlavə edib ki, telefonu bir əli ilə tutmaq təkcə baş barmağa deyil, digər barmaqlara da mənfi təsir göstərir. Son illərdə xüsusilə “kiçik barmaq” adlandırılan beşinci barmaqda deformasiyaların artdığı müşahidə olunur.
Büyükerik bildirib ki, “smartfon çəhrayısı” kimi tanınan bu vəziyyət getdikcə daha geniş yayılır. Xüsusilə gənclər telefonun alt hissəsini dəstəkləmək üçün kiçik barmaqlarını daim bükülü vəziyyətdə saxlayırlar.
Onun sözlərinə görə, bu vərdiş kiçik barmaq oynağında təkrarlanan təzyiq yaradır və zamanla PIP oynağında boşalma, yüngül əyilmə, yan yerdəyişmə və sümükdə çökəkliklər kimi dəyişikliklərə səbəb ola bilər. Bu hallar əsasən yumşaq toxumaların xroniki təzyiqə uyğunlaşması ilə əlaqəlidir.
Mütəxəssis əlavə edib ki, bilək və barmaqlarda təkrarlanan əyilmə-düzəlmə hərəkətləri, yanlış duruş və uzun müddət eyni vəziyyətdə qalmaq əzələlərə qan axınını azaldır, yorğunluğu artırır və karpal tunel sindromu riskini yüksəldir. Həmçinin telefon halqaları və erqonomik tutacaqlardan düzgün istifadə edilməsinin yükü azaltdığını vurğulayıb.
Büyükerik smartfon istifadəsinin əl əzələlərinə uzunmüddətli təsirlərinin gələcək tədqiqatlarla daha aydın ortaya qoyulacağını bildirərək, erkən yaşlardan düzgün istifadə vərdişlərinin formalaşdırılmasının vacibliyini qeyd edib:
“Gənclərdə sağlam istifadə vərdişlərinin aşılanması gələcəkdə yarana biləcək vətər, oynaq və sinir problemlərinin qarşısını əhəmiyyətli dərəcədə ala bilər”.
Tərcümə: Könül Oruc