Qidalanma
Omeqa-3-ün ürək üçün
Qidalanma
68

Omeqa-3-ün ürək üçün 5 əsas faydası

Omeqa-3 yağ turşuları bədən tərəfindən istehsal olunmayan və xaricdən qida ilə alınmalı olan vacib çoxdoymamış yağlardır.

E-saglam.az xəbər verir ki, ürək-damar cərrahı Prof. Dr. Oğuz Yılmaz bildirir ki, omeqa-3 həm hüceyrələrin quruluşunu dəstəkləyir, həm də ürək-damar sisteminin sağlam qalmasında mühüm rol oynayır.

Omeqa-3-ün ən yaxşı mənbələri qızılbalıq, skumbriya, sardina, hamsi kimi yağlı balıqlar, həmçinin qoz, çia və kətan toxumudur. Balıq müntəzəm yeyilmədikdə bu yağları əlavələr şəklində də qəbul etmək mümkündür.

Bu yağların faydası yalnız ürəklə məhdudlaşmır. Beyin, göz və immun sistemi üçün də vacibdir. Omeqa-6 ilə zəngin sənaye yağlarının (günəbaxan, qarğıdalı, soya və s.) həddindən artıq istifadəsi isə balansı pozur və omeqa-3-ün təsirini azalda bilər.

Omeqa-3 çatışmazlığı nəyə səbəb ola bilər?

Omeqa-3 və omeqa-6 arasında tarazlıq pozulduqda yüksək triqliserid, damar sərtləşməsi, infarkt riski, bəzi iltihabi xəstəliklər və həzm problemləri daha tez-tez müşahidə oluna bilər.

Gündəlik qəbul nə qədər olmalıdır?

Sağlam böyüklər üçün tövsiyə olunan miqdar gündə 250–500 mq EPA+DHA-dır. Bu tələbatı ödəmək üçün həftədə iki porsiya yağlı balıq kifayətdir. Hamiləlik dövründə isə gündə 200–300 mq DHA məsləhət görülür. Qeyd edək ki, bunlar ümumi tövsiyədir, fərdi ehtiyaclara uyğun dəqiq dozanı müəyyən etmək üçün həkimlə məsləhətləşmək məqsədəuyğundur. 

Omeqa-3 ürəyi necə qoruyur?

Mütəxəssislər omeqa-3-ün ürək sağlamlığına beş əsas təsirini vurğulayır:

- Triqliserid səviyyəsini azaldır.

- LDL (pis xolesterol) səviyyəsini aşağı salmağa kömək edir.

- Qan təzyiqini tənzimləyir.

- Qan laxtalanmasının qarşısını alır.

- İltihabı azaldır.

Bu təsirlər nəticəsində infarkt və insult riski əhəmiyyətli dərəcədə azalır, ürək-damar sistemi daha dayanıqlı olur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun