Kardioloq Fransisko Lopez-Ximenez üzdə yüksək xolesterolun özünü büruzə verə biləcəyi incə əlamətləri açıqlayıb.
E-saglam.az-ın məlumatına görə, həkimin xüsusi vurğuladığı ilk işarə ksantelazma – göz qapaqlarında yaranan sarımtıl lövhələrdir.
Mütəxəssisin sözlərinə görə, belə lövhələrə malik insanların təxminən yarısında analiz nəticələri yüksək xolesterol səviyyəsini göstərir. Ksantelazma həmçinin diabet və qalxanabənzər vəzinin fəaliyyətində problemlərə də işarə edə bilər.
Lopez-Ximenez əlavə edir ki, yüksək xolesterol bəzən gözlərdə buynuz qişanın kənarında nazik açıq rəngli bir qövsün – korneal halqanın – yaranmasına səbəb olur. Bu halqa zaman keçdikcə irisin ətrafında tam dairə halını ala bilər.
Həkim xəbərdarlıq edir ki, yüksək xolesterol adətən özünü hiss etdirmir və uzun müddət simptomsuz davam edə bilər. Lakin gələcəkdə insult və ya infarkt riskini artırır. Buna görə də o, insanlara əlamətlərin ortaya çıxmasını gözləməmək, profilaktik olaraq müayinələrdən keçmək tövsiyə edir.
Tərcümə: Könül Oruc