Tibbi xəbərlər
Həkim tromboza səbəb olan
Tibbi xəbərlər
6

Həkim tromboza səbəb olan pis vərdişləri açıqlayıb

Tromboz çox vaxt qəfil baş verən təhlükəli fəsad kimi görünsə də, mütəxəssislərə görə, bu vəziyyət illərlə yığılan yanlış vərdişlərin nəticəsidir.

E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin fundamental tibb fənləri kafedrasının baş müəllimi, fizioloq Aleksandr Kalyujin "Lenta.ru"ya açıqlamasında tromboza aparan ən əsas faktorları açıqlayıb.

Həkim Virxov triadasını xatırladaraq bildirib ki, trombozun yaranmasına üç proses səbəb olur: damar divarının zədələnməsi, qan axınının yavaşlaması və laxtalanmanın artması. Pis vərdişlərin böyük hissəsi bu mexanizmlərin ən azı birini pozur.

Onun sözlərinə görə, ən təhlükəli vərdiş siqaretdir. Tütün tüstüsündəki toksinlər damarların daxili qatında xroniki mikroiltihab yaradır, trombositləri aktivləşdirir və qanın daha "yapışqan" olmasına səbəb olur. Oturaq həyat tərzi və artıq çəki də tromboz riskini kəskin şəkildə artırır.

Kalyujin əlavə edib ki, susuz qalmaq, xüsusən də alkoqol qəbulundan sonra bədəndə plazma miqdarı azalır, qan daha qatı və özlü olur. Bu isə damar daxilində laxtalanmanı asanlaşdırır.

Həkim xüsusi olaraq xəbərdarlıq edib ki, hormonal kontraseptivlər, anabolik steroidlər və “hormonal” qida əlavələrinin həkim məsləhəti olmadan qəbulu tromboz ehtimalını xeyli artırır. Risk xüsusilə siqaret çəkən və artıq çəkisi olan insanlarda daha yüksəkdir.

Mütəxəssis vurğulayıb ki, sağlam həyat tərzi, kifayət qədər su qəbulu, hərəkətli gündəlik və həkim nəzarətsiz dərman qəbulundan imtina tromboz riskini ciddi şəkildə azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun