Qastroenteroloq Natalya Morozova qaraciyər sağlamlığına mənfi təsir göstərə bilən, lakin çoxlarının “sağlam qida” kimi qəbul etdiyi məhsullarla bağlı xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, mütəxəssis "aif.ru"ya müsahibəsində bu qidalar barədə danışıb.
Onun sözlərinə görə, ilk risk qrupu doymuş heyvani yağlarla zəngin qidalardır. Vitamin tərkibli olmasına baxmayaraq, kərə yağı və yağlı ətlər – xüsusilə ördək və qaz – qaraciyəri zəif olan insanlarda qaraciyər yağlanmasını sürətləndirə bilər.
Bəzi göyərti və turş məhsullar da gözlənilməz təhlükə yarada bilir. Morozova bildirib ki, kişniş, turşəng, yabanı sarımsaq, kivi və zoğalın tərkibindəki yüksək turşu və efir yağları öd yollarını qıcıqlandırır və onların fəaliyyətinə mənfi təsir göstərir.
Həkim şirin meyvələr və bal barədə də xəbərdarlıq edib. Fruktoza əsasən qaraciyərdə emal olunduğu üçün onun çox qəbulu piy yığılmasına və qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər. Üstəlik, fruktoza toxluq hissini zəif formalaşdırdığı üçün insanın normadan artıq yeməsinə şərait yaradır.
Qaraciyərə ən böyük zərəri isə şəkər əlavə olunmuş məhsullar vurur: qazlı içkilər, şərbətlər və fruktoza əsaslı bəzi şirinləşdiricilər. Morozova eyni zamanda həddindən artıq duzun da öd axınını pozduğunu və öd kisəsində daş əmələ gəlməsinə gətirib çıxara biləcəyini qeyd edib.
Mütəxəssis qaraciyərin sağlamlığını qorumaq üçün bu məhsulların miqdarına xüsusi diqqət etməyi və onların istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.
Tərcümə: Könül Oruc