New York Post-un yazdığına görə, Kaliforniya Universitetinin (İrvine) alimləri şəkərin orqanizmə mənfi təsirini zəiflədən maraqlı mexanizm aşkarlayıblar.
E-saglam.az xəbər verir ki, doktor Çolsun Çjanqın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, soğan, sarımsaq və artişokun tərkibində inulin adlı xüsusi lif növü var. Bu lif bağırsaq mikroflorasının tərkibini dəyişərək şəkərin təsirini zəiflədə bilir.
Alimlərin sözlərinə görə, inulin bağırsaq bakteriyalarının fəaliyyətini aktivləşdirir. Bu bakteriyalar fruktozanın bir hissəsini qaraciyərə çatmazdan əvvəl parçalamağa başlayır. Bu proses qaraciyərin yükünü azaldır və alkoqolsuz yağlı qaraciyər xəstəliyi ilə insulin müqavimətinin yaranma riskini aşağı salır.
Tədqiqatçılar əlavə ediblər ki, inulin qan şəkərinin bir hissəsini faydalı maddələrə — serin və qlutatyona çevirmə qabiliyyətinə də malikdir. Bu maddələr qaraciyərdə iltihabı azaltmağa kömək edir və orqanın müdafiəsini gücləndirir.
Mütəxəssislər hesab edir ki, soğan, sarımsaq və artişokun müntəzəm qəbulu qaraciyəri şəkərin mənfi təsirindən qorumaqda əhəmiyyətli rol oynaya bilər.
Tərcümə: Könül Oruc