Psixoloq Viktoriya Xaritonova bildirib ki, mükəmməllik və özünə həddindən artıq tələbkarlıq düşündüyümüz qədər faydalı deyil və bəzən ciddi psixoloji fəsadlara yol aça bilər.
E-saglam.az xəbər verir ki, o deyir ki, mükəmməllik yalnız yüksək standartlara can atmaq deyil, həm də “mükəmməl olmasa, deməli düzgün deyil” yanaşmasıdır. Bu düşüncə tərzi insanı davamlı gərginlik və narahatlıq içində saxlayır.
Aparılan araşdırmalar göstərir ki, bu xarakter xüsusiyyəti emosional tükənmə və işdən soyuma riskini artırır. Qeyri-real gözləntilər, uğursuzluğu qəbul etməmək və hər şeyi qüsursuz etmək istəyinin özü xroniki yorğunluq, əsəbilik, apatiya və motivasiya itkisinə səbəb ola bilər.
Mütəxəssis vurğulayır ki, mükəmməlliyin yaratdığı gərginlikdən qorunmaq üçün sadə qaydalar kömək edir. Tapşırıqlar üçün əvvəlcədən aydın meyarlar müəyyənləşdirmək lazımsız yenidən yoxlamaların qarşısını alır. Nəticəni bir cümlə ilə dəqiqləşdirmək diqqəti dağılmaqdan qoruyur. Tapşırıqları yalnız hədəfə aparan addımlarla məhdudlaşdırmaq, həmçinin işlərə daha qısa müddət ayırmaq insanı rahatlaşdırır və narahatlığı azaldır.
Psixoloq qeyd edir ki, məqsəd yüksək nəticə əldə etməkdir, özünü tükəndirmək yox.
Tərcümə: Könül Oruc