Pəhriz orqanizmin zərərsizləşdirilməsi prosesində mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, bioloq, Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı vəzifəsini icra edən İrina Lyalina Lenta.ru-ya müsahibəsində qan və qaraciyərin təmizlənməsinə dəstək olan təbii qidaları sadalayıb.
Lyalinanın sözlərinə görə, tərəvəz və göyərti bu sahədə ən təsirli məhsullar sayılır. Xüsusilə çuğundur hematopoezi yaxşılaşdıran fermentlərlə zəngindir. Xaççiçəklilər (kələm, brokoli, gül kələmi və s.) isə qaraciyərdə təmizləyici fermentlərin istehsalını artıraraq onun sağlamlığını gücləndirir.
Bioloq həmçinin sarımsağın tərkibindəki kükürd birləşmələrinin qaraciyərin normal fəaliyyətinə və immunitetin möhkəmlənməsinə kömək etdiyini qeyd edib.
Alma, zoğal, qaragilə, moruq və limon kimi meyvələr də bağırsaqlardan toksinlərin çıxarılmasına yardım edən pektinlə zəngindir ki, bu da həm qanı, həm də qaraciyəri dolayısı ilə təmizləyir.
Detoksifikasiyanı dəstəkləyən digər məhsullar arasında qan dövranını aktivləşdirən zəncəfil və katexinləri sayəsində qaraciyəri oksidləşdirici stressdən qoruyan yaşıl çay xüsusilə seçilir.
Lyalina əlavə edib ki, bütün bu proseslərin effektivliyi üçün gün ərzində kifayət qədər təmiz su içmək vacibdir. Su çatışmazlığı zamanı orqanizmin təmizlənməsi mümkün qədər yavaş və səmərəsiz olur.
Tərcümə: Könül Oruc