Afyonkarahisarda yaşayan 56 yaşlı Ədalət Yıldız boğaz ağrısı, səs xırıltısı və udma çətinliyi səbəbilə xəstəxanaya müraciət edəndə ona 3-cü mərhələ qırtlaq xərçəngi diaqnozu qoyuldu.
E-saglam.az xəbər verir ki, 35 il ərzində hər gün 1,5 qutu siqaret çəkən Yıldız Ankara Atatürk Sanatoriyası Təlim və Araşdırma Xəstəxanasında aparılan yeddi saatlıq əməliyyatla xilas edildi. Həkimlər qırtlağın yarısını çıxardı və xəstənin səsi qorundu.
Ədalət Yıldız əməliyyatdan sonra verdiyi açıqlamada uzun illər siqaretin həyatına necə zərər vurduğunu qeyd edərək bildirib ki, artıq siqareti tamamilə tərgidib və hər kəsə eyni addımı atmağı tövsiyə edir. “İki ay ərzində həyatım alt-üst oldu. Səsimi tam itirmədiyim üçün özümü şanslı sayıram. Bundan sonra siqareti qətiyyən ağlıma belə gətirməyəcəyəm”, – deyə o bildirib.
Onun həyat yoldaşı Belkız Yıldız da bu müddətdə ailə olaraq böyük sınaqdan keçdiklərini deyib: “Həmişə bir-birimizi motivasiya etdik. Ərim 35 ildən sonra siqareti buraxdı və bu bizim üçün yeni bir başlanğıcdır”.
Əməliyyatı icra edən professor Aydın Acar bildirib ki, xəstənin əvvəl müraciət etdiyi xəstəxanalarda qırtlağın tamamilə çıxarılması təklif olunub, lakin detallı müayinələrdən sonra qismən əməliyyatın mümkün olduğu müəyyən edilib. Onun sözlərinə görə, uzun müddət davam edən səs batıqlığı, udma çətinliyi və boğaz ağrısı ciddi təhlükənin xəbərçisi ola bilər və siqaret bu xəstəlik üçün əsas risk faktorudur.
Həkimlər bir daha vurğulayır ki, siqaret qırtlaq xərçəngi də daxil olmaqla onlarla xəstəliyin birbaşa səbəbidir. “Bu cür hallarla çox rastlaşırıq. Siqaret çəkməmək ən güclü qoruyucu addımdır”, – deyə Acar xəbərdarlıq edib.
Tərcümə: Könül Oruc