Britaniyalı tədqiqatçılar Henry Cheung və Charlotte Gowers bildirirlər ki, qocalmanı bahalı əlavələr və dəbdə olan cihazlarla deyil, gündəlik vərdişləri dəyişməklə ləngitmək mümkündür.
E-saglam.az xəbər verir ki, onların sözlərinə görə, uzunömürlülüyün açarı insanın xronoloji yaşına yox, orqanizmin real vəziyyətini göstərən bioloji yaşına təsir etməkdir.
Araşdırmalar bioloji yaşa birbaşa təsir edən beş əsas amilin olduğunu göstərir.
Birincisi, daimi fiziki fəaliyyət qocalmanı nəzərəçarpacaq dərəcədə ləngidir. Həftədə cəmi üç dəfə aparılan güc və aerobik məşqlər DNT metilasiyasına təsir edərək bədəni iki il “cavanlaşdıra” bilər.
İkincisi, balanslaşdırılmış pəhriz qocalmanın qarşısını alan əsas faktorlardandır. Tərəvəz, meyvə, balıq və tam taxıllarla zəngin qidalanmaya keçid 6-12 ay ərzində bioloji yaşı orta hesabla 2,4 il azalda bilər.
Üçüncüsü, keyfiyyətli yuxu hüceyrə bərpası və hormon balansı üçün həyati əhəmiyyət daşıyır. Gecə beş saatdan az yuxu isə bir çox xəstəliklərin riskini kəskin artırır.
Dördüncüsü, pis vərdişlərdən imtina qocalmanı yavaşlatmaq üçün ən təsirli addımlardandır. Siqaret çəkmək təkcə ağciyərlərə yox, bütün orqanizmə təsir edərək bioloji yaşa 4-5 il əlavə edə bilir.
Beşincisi, stressin idarə olunması vacibdir. Xroniki stress hüceyrələri qocaldır və həftədə 40 saatdan çox işləmək bioloji yaşın təxminən iki il artmasına səbəb ola bilər.
Alimlər qeyd edirlər ki, gündəlik həyata edilən kiçik, lakin davamlı dəyişikliklər belə bioloji yaşa ciddi təsir göstərir. Yaşlanmanın sürətini tənzimləmək isə böyük ölçüdə insanın öz əlindədir.
Tərcümə: Könül Oruc