Yeni bir araşdırma göstərib ki, gecə süni işığa məruz qalmaq, ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə yüksəldə bilər.
E-saglam.az xəbər verir ki, "JAMA Network Open" jurnalında dərc olunan tədqiqat, parlaq işıq altında yatan insanların ürək çatışmazlığı inkişaf riskinin 56 faiz, koronar arteriya xəstəliyi riskinin 32 faiz və insult riskinin 28 faiz daha yüksək olduğunu ortaya qoyub.
Araşdırma Böyük Britaniyada 40-69 yaş arası təxminən 89.000 insan üzərində aparılıb. Tədqiqatçılar 2013-2022-ci illər arasında iştirakçılardan 13 milyon saatlıq işıq məlumatlarını təhlil ediblər.
Mütəxəssislər bildirirlər ki, gecə işığı melatonin hormonunun istehsalını azaldır, sirkadian ritmi pozur və ürək-damar sisteminə mənfi təsir göstərir. Penn Dövlət Universiteti Yuxu Tədqiqatları Mərkəzindən Dr. Julio Fernandez-Mendoza qeyd edib: "İşıq bədən üçün stress faktoru kimi çıxış edir, ürək döyüntüsünü, stress hormonlarını, qan şəkərini və insulini artırır və iltihaba səbəb olur."
Araşdırmalar həmçinin göstərir ki, gün ərzində təbii işığa kifayət qədər məruz qalmaq ürək sağlamlığı üçün faydalıdır.
Mütəxəssis məsləhətləri:
Yatmazdan ən azı 4 saat əvvəl ekran istifadəsini azaldın.
Lazımsız işıqları söndürün və ya zəif, isti tonlu lampalar seçin.
Pəncərələrdən işığı bağlamaq üçün qaranlıq pərdələrdən istifadə edin.
Parlaq rəqəmsal saatlardan və yuxarı işıqlardan çəkinin.
Lazım gələrsə, yuxu maskasından istifadə edin.
Tədqiqatçılar nəticələrin yalnız əlaqə göstərdiyini, birbaşa səbəb-nəticə dəlili təqdim etmədiyini bildirir, lakin işığın sirkadian ritmə təsirinin ürək-damar sağlamlığı ilə sıx bağlı olduğunu vurğulayırlar.
Tərcümə: Könül Oruc