Toyuq uzun illər “sağlam protein mənbəyi” kimi təqdim edilsə də, son tədqiqat bu fikri tamamilə dəyişdirib.
E-saglam.az xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan yeni araşdırmaya görə, müntəzəm şəkildə toyuq əti istehlak edən insanlarda mədə və bağırsaq xərçəngi də daxil olmaqla 11 müxtəlif həzm sistemi xərçəngindən ölüm riski ikiqat artır.
İtaliyanın Milli Qastroenterologiya İnstitutunun alimləri 20 il ərzində aparılan müşahidələrdə, əsasən 50 yaşlarında olan 5000 nəfərin qidalanma vərdişlərini təhlil ediblər. Nəticələr göstərib ki, həftədə 300 qramdan çox – yəni təxminən dörd porsiya toyuq yeyən şəxslərin xərçəngdən ölüm ehtimalı, həftədə bir porsiyadan az yeyənlərə nisbətən iki dəfə çoxdur.
Tədqiqat həmçinin göstərib ki, həftədə dörd porsiyadan çox quş əti yemək ümumi ölüm riskini 27 faiz artırır. Alimlər bu əlaqənin səbəbi barədə üç əsas nəzəriyyə irəli sürürlər: yüksək temperaturda bişirmə zamanı yaranan zərərli birləşmələr, toyuq yeminə əlavə olunan kimyəvi maddələr, həmçinin yetişdirmə prosesində istifadə edilən hormon və dərmanlar.
Mütəxəssislər bildiriblər ki, risk kişilərdə daha yüksək müşahidə olunub, lakin bunun səbəbi hələ tam aydın deyil. Bu fərq, hormonal fərqlərlə və ya kişilərin porsiya başına daha çox yemək meyli ilə əlaqəli ola bilər.
Tədqiqatçılar eyni zamanda araşdırmanın bəzi məhdudiyyətlərini də etiraf ediblər. Onların sözlərinə görə, toyuğun bişirilmə üsulu (evdə yoxsa fast food şəklində) qeyd edilməyib və bu, nəticələrin dəqiqliyinə təsir edə bilər. Bundan əlavə, iştirakçıların fiziki aktivliyi ilə bağlı məlumatların olmaması da araşdırmanın zəif tərəfi sayılır.
Alimlər nəticə olaraq bildiriblər ki, toyuq tamamilə pəhrizdən çıxarılmamalıdır, lakin onun miqdarına, bişirmə üsuluna və keyfiyyətinə diqqət etmək vacibdir.
Tərcümə: Könül Oruc