Endokrinoloq və diyetoloq Oksana Mixaleva bildirib ki, qırmızı ət hər kəs üçün təhlükəli deyil, lakin bəzi insanlar onun qəbulunu ciddi şəkildə məhdudlaşdırmalıdır.
E-saglam.az xəbər verir ki, o, "Life.ru"ya açıqlamasında qeyd edib ki, ət istehlakına yanaşma yaşa və ətin növünə görə dəyişməlidir.
Mütəxəssisin sözlərinə görə, emal olunmuş ət məhsulları — sosis, kolbasa, frankfurt və oxşar qidalar — ümumiyyətlə pəhrizdən çıxarılmalıdır. Çünki bu məhsulların tərkibində həddindən artıq duz, yağ və konservantlar var və onların heç bir qida dəyəri yoxdur.
Təbii qırmızı ətə gəlincə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 50 yaşdan yuxarı insanlar ayda bir dəfədən çox qırmızı ət yeməməlidirlər. Bunun səbəbi yaş artdıqca ürək-damar xəstəlikləri və ateroskleroz riskinin yüksəlməsi, həmçinin qırmızı ətin xolesterin miqdarının yüksək olmasıdır.
Mixaleva bişirmə üsuluna da diqqət çəkib: “Bişmiş ət ən təhlükəsiz variantdır. Qızardılmış və xüsusən də kabab şəklində hazırlanan qırmızı ət orqanizm üçün daha zərərli hesab olunur,” – deyə o bildirib.
Həkim əlavə edib ki, qırmızı ət tamamilə qidalanmadan çıxarılmamalıdır, çünki o, vacib amin turşuları və asanlıqla mənimsənilən dəmirin əsas mənbəyidir. 50 yaşdan kiçik şəxslər üçün isə həftədə 1-2 dəfə qaynadılmış və ya bişmiş formada qırmızı ət yemək sağlam hesab olunur.
Tərcümə: Könül Oruc