Marketdən məhsul alırsan, evə gələndə baxırsan ki, yararlılıq müddəti 20 gün öncə bitib, amma məhsul hələ də vitrində satışdadır. Təəssüf ki, bu cür hallar tək-tük deyil – bəzi marketlərdə nəzarət zəifdir və istehlakçının sağlamlığı risk altına düşür. Satıcılar adətən üzr istəyib pulu qaytarmaqla məsələni bağlamağa çalışırlar, amma məsələ bununla bitmir. Ekspertlər bildirir ki, yararlılıq müddəti keçmiş məhsulun satışı qanun pozuntusudur və bu, həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq baxımından ciddi risk yaradır.
E-saglam.az saytına daxil olan şikayətə əsasən, "Tamstore Marketlər Şəbəkəsi"ndən 2 dəfə ard-arda alınan məhsullar xarab çıxıb. Birinci məhsul "İçim" markasına məxsus pudinq - istifadəyə yararlılıq müddəti 19 gün öncə bitib. Digəri isə "Milla" şirkətinə məxsus kəsmik - istifadə müddəti bitməsə də, məhsul alınarkən içi saralıb və pis qoxu gəlir. Şəkillərdə daha detallı göstərilib.


Məsələ ilə bağlı müvafiq qurumlara və ekspertlərə suallarımızı yönəltdik.
Bir məhsula görə marketi 1500 manat cərimə gözləyir
Yararlılıq müddəti keçmiş ərzaq məhsullarının satışı qanunla qadağandır. Əgər vətəndaşlar belə hallarla rastlaşaraq dövlət orqanlarına məlumat versələr, hətta bir məhsula görə market 1500 manatadək cərimə oluna bilər.
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov E-saglam.az saytına açıqlama verib.

Onun sözlərinə görə, bu sahədə əsas problemlərdən biri yararlılıq müddəti keçmiş malların sonrakı taleyinin qeyri-şəffaf olmasıdır.
“Marketlər belə malları satışdan çıxarıb bir yerə toplayır, sonra distribyutora qaytarırlar. Distribyutor da onları istehsalçıya yönləndirir. Amma çox vaxt bu məhsullar yenidən bazara qaytarılır. Buna görə də təklif olunur ki, bu cür mallar birbaşa utilizasiyaya göndərilsin”, – deyə Hüseynov bildirib.
Eyyub Hüseynov qeyd edib ki, bu istiqamətdə müəyyən texnoloji yeniliklər hazırlanır. “Bu həftə Azərbaycan Standartlaşma İnstitutunun texniki komitəsində məsələ müzakirə olunub. Yeni proqram təminatı yaradılıb və marketlərin kompüterlərinə quraşdırıla bilər. Beləliklə, məhsulun yararlılıq müddəti keçibsə, skan edildikdə sistem bunu avtomatik aşkarlayacaq və satışa buraxmayacaq. Bu, Qida Təhlükəsizliyi Agentliyinə də nəzarəti asanlaşdırar. Təəssüf ki, proqram hələ geniş tətbiq olunmayıb”, – o deyib.
Birlik sədri əlavə edib ki, bəzi biznes qrupları dövlətin yaratdığı şəraitdən sui-istifadə edir və bu proqramı tətbiq etmir. “Əslində vətəndaş belə mallarla rastlaşdıqda, məhsulu almalı, qəbzi saxlamalı və Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verməlidir. Amma çoxları bu proseduru yerinə yetirmir. Ona görə də Agentlik şikayət mexanizmini sadələşdirməli və vətəndaşlarla daha sıx işləməlidir”, – deyə Eyyub Hüseynov vurğulayıb.
O həmçinin diqqətə çatdırıb ki, bəzən məhsulun yararlılıq müddəti keçməsə də, düzgün saxlanılmadığı üçün o, yararsız hala düşür. “Məsələn, Nizami küçəsində yerləşən "Mega Store"da Dr. Milk markalı məhsullar barədə tez-tez şikayətlər daxil olur – müddəti keçmədiyi halda yeyiləcək vəziyyətdə olmur. Bu barədə şirkətə dəfələrlə məlumat verilib, amma vəziyyət dəyişmir”, – deyə o bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: “Yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılır və utilizasiya edilir”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi E-saglam.az saytına açıqlama verib.

Açıqlamada bildirilir ki, ölkədə istehsal olunan və ya idxal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. “Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdıqları risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında müayinə olunur. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, plandankənar yoxlamalar da aparılır. Qanunvericiliyin tələbləri pozulduğu halda qanunamüvafiq tədbirlər görülür”, – məlumatda qeyd edilir.
AQTA-nın açıqlamasına əsasən, üzərində saxlanma müddəti göstərilməyən və ya müddəti bitmiş məhsullar istifadəyə yararsız hesab olunur.
“Əgər nəzarət tədbirləri zamanı yararlılıq müddəti keçmiş məhsul aşkarlanarsa, həmin məhsullar dövriyyədən çıxarılır və satışına qadağa qoyulur. Ekspertiza nəticəsinə əsasən istifadəyə yararsız məhsulların məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunur. Həmçinin sahibkarların öz müraciətləri əsasında da bu proses Agentliyin əməkdaşlarının iştirakı ilə həyata keçirilir və aktla rəsmiləşdirilir”, – şöbədən bildirilib.
Məlumatda istehlakçılara da mühüm tövsiyələr yer alıb.
“Marketlərdə və bazarlarda qida məhsulu alarkən onun qablaşdırmasına, üzərindəki məlumatlara və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Qablaşdırma tam, zədəsiz olmalı, üzərində deşik və ya kəsik olmamalıdır. Alıcılar məhsulun enerji dəyərinə, istehsal və son istifadə tarixinə, saxlanma temperaturuna, istehsalçının adına və ünvanına baxmalıdırlar. Bu məlumatlar Azərbaycan dilində də qeyd olunmalıdır”, – Agentlik xəbərdarlıq edib.
Açıqlamaya görə, məhsulun istifadə müddəti onun uyğun şəraitdə saxlanmasına əsasən müəyyən olunur. Buna görə də istehlakçılar soyuduculardakı temperatur göstəricilərinə və məhsulun kateqoriyasına uyğun saxlanma şəraitinə diqqət etməlidirlər.
“İstehlakçılar satış şəbəkəsində istifadə müddəti bitmiş və ya keyfiyyətsiz məhsulla rastlaşdıqda, bu barədə konkret faktlarla ‘1003 – Çağrı Mərkəzi’ vasitəsilə Agentliyə məlumat verməlidirlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür”, – AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi E-saglam.az-a bildirib.
Marketlərdə müddəti bitmiş məhsullar insan sağlamlığı üçün ciddi təhlükə yaradır
Qida mühəndisi Fərid Səfərov E-saglam.az-a açıqlamasında bildirib ki, yararlılıq və ya istifadə müddəti bitmiş məhsullar insan sağlamlığı üçün çox ciddi risklər daşıyır. Onun sözlərinə görə, bu məhsulların tərkibində həm mikrobioloji, həm də kimyəvi dəyişikliklər baş verir.

“Birinci növbədə bakterial və göbələk çoxalması baş verir. Müddəti keçmiş qidalarda Salmonella, E. coli, Listeria kimi mikroblar sürətlə artır. Bu isə qida zəhərlənməsi, ishal, qusma, qarın ağrısı, qızdırma və hətta böyrək çatışmazlığına səbəb ola bilər. Xüsusilə süd məhsulları, ət, balıq və yumurta bu baxımdan ən riskli məhsul qruplarıdır”, – deyə o bildirib.
Mütəxəssis qeyd edir ki, bəzi bakteriyalar məhsul xarab olsa belə, dad və qoxuda dəyişiklik yaratmır:
“Clostridium botulinum kimi bakteriyalar görünmədən çox təhlükəli botulizm toksini əmələ gətirə bilər. Bu toksin sinir sisteminə təsir edir, iflic, nəfəs darlığı və ölüm riski yaradır”.
Onun sözlərinə görə, müddəti keçmiş yağlarda və qoz-fındıq məhsullarında da kimyəvi parçalanma baş verir:
“Yağ turşuları oksidləşərək zəhərli aldehidlər və ketonlar əmələ gətirir. Bu maddələr qaraciyər və mədə-bağırsaq sisteminə zərər verir, xərçəng riskini artırır. Konserv məhsullarda metal örtük zədələnərsə, ağır metallar – məsələn, qalay və qurğuşun – qidaya keçə bilər”.
Fərid Səfərov əlavə edib ki, bəzi hallarda bu cür məhsullarda mikotoksinlər yaranır:
“Bunlar küf göbələklərinin ifraz etdiyi toksinlərdir və immun sistemi zəiflədir, qaraciyəri zədələyir. Uşaqlarda inkişafı ləngidə bilər. Küflü məhsullar – çörək, pendir, qoz-fındıq, meyvə – xüsusilə təhlükəlidir.”
Ekspert vurğulayıb ki, bu cür məhsullar uşaqlar, hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün daha risklidir, çünki bu qruplarda immun sistem zəif olur.
“Yararlılıq tarixi bitmiş məhsulu "iyi gəlmir" və ya "dadı normaldır", -deyə istifadə etmək qətiyyən olmaz. Bu tarix yalnız məhsulun xarici görünüşü üçün deyil, həm də onun mikrobioloji təhlükəsizliyi üçün müəyyən olunur,” – deyə qida mühəndisi sonda xəbərdarlıq edib.
E-saglam.az saytı son olaraq məsələ ilə bağlı problem yaşanan "Tamstore Marketlər Şəbəkəsi"nə müraciət edib.

Açıqlamada qeyd olunur ki, müştəri tərəfindən rəfdə son istifadə tarixi bitmiş məhsul aşkarlanarsa, bu halda istehlakçıya xüsusi güzəşt tətbiq olunur:
“Əgər hər hansı müştəri rəfdə yararlılıq müddəti bitmiş məhsul aşkar edərsə, kassa ödəniş qəbzini təqdim etməklə həmin məhsulun yenisini pulsuz əldə etmək hüququna malikdir. Bu hal bəzən rəfdəki məhsulların son istifadə tarixini izləyən əməkdaşlarımızın diqqətsizliyi səbəbindən baş verir. Belə halların təkrarlanmaması üçün məsul əməkdaşlara əlavə xəbərdarlıq ediləcək”.
Şirkət ikinci məhsulla bağlı yaranan keyfiyyət problemi barədə də mövqeyini açıqlayıb:
“Bu cür hallar bəzən məhsulların çatdırılması zamanı soyuq zəncirin pozulması və ya istehsal prosesində baş verən xətalar nəticəsində yaranır. Ola bilər ki, konkret məhsulun qablaşdırılmasında zədələnmə baş verib. Məsələ istehsalçı şirkətlə birlikdə araşdırılacaq və zəruri tədbirlər görüləcək”.
Tamstore Marketlər Şəbəkəsi əlavə edib: “Bizim üçün hər bir müştərinin sağlamlığı və məmnunluğu ön plandadır. Bu səbəbdən məhsul keyfiyyətinə nəzarət prosesi daha da gücləndiriləcək”.
Məhsulunda problem aşkarlanan "Milla" şirkətinə də məsələ ilə bağlı 3 gündür müraciət ünvanlamışıq, amma hələ ki, sorğumuza cavab göndərilməyib.
Hazırladı: Könül Oruc