Əl gigiyenası — infeksiyaların qarşısını almağın ən sadə, amma ən təsirli yoludur. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün əl yumaq həm şəxsi, həm də ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, Düzcə Universiteti Tibb Fakültəsinin Yoluxucu Xəstəliklər kafedrasının müəllimi, həkim Bekir Tunça bildirib ki, gündəlik həyatda əllər saysız-hesabsız səthlərlə təmasda olur və mikroblar bu yolla asanlıqla yayılır. “Düzgün əl yumaq bu zənciri qırır və infeksiyaların yayılma riskini əhəmiyyətli dərəcədə azaldır,” – deyə o bildirib.
Ən çox yoluxma təmasla baş verir:
Tunçanın sözlərinə görə, qrip, soyuqdəymə, hepatit A və COVID-19 kimi xəstəliklərin çoxu əllər vasitəsilə yayılır. Xüsusilə qapı tutacaqları, lift düymələri və ictimai nəqliyyatda tutacaqlar virus və bakteriyalar üçün əlverişli mühit yaradır.
“Xəstəxanalarda vəziyyət daha ciddi olur. Müqavimətli bakteriyalar çox vaxt tibb işçilərinin əlləri ilə bir xəstədən digərlərinə keçə bilər. Buna görə də, xəstəxana infeksiyalarına qarşı mübarizədə əl gigiyenası ən əsas tədbirdir,” – deyə həkim əlavə edib.
Əlləri necə yumaq lazımdır?
- Əllər ən azı 20 saniyə sabunla yuyulmalıdır.
- Ovcun içi, arxası, barmaq araları, dırnaq altı və biləklər yaxşıca ovulmalıdır.
- Ən çox edilən səhvlər: sabun istifadə etməmək, az yumaq, dırnaqları təmizləməmək və yuyandan sonra yenidən çirkli səthlərə toxunmaqdır.
Tunça əlavə edib ki, su və sabun yoxdursa, ən az 60% spirt tərkibli dezinfeksiyaedici istifadə oluna bilər. Amma əllər görünəcək qədər kirlidirsə, yalnız sabunla yumaq effektivdir.
Təhlükə kimlər üçün daha böyükdür?
Əl gigiyenasına diqqət yetirilməməsi, xüsusən məktəblərdə, xəstəxanalarda və ictimai nəqliyyatda infeksiyaların sürətlə yayılmasına səbəb olur. Bu isə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün ciddi risk yaradır.
Tərcümə: Nəzrin Abbas