Alimlər müəyyən ediblər ki, acı bibər yemək metabolizmanın sürətini artıraraq orqanizmin daha çox kalori yandırmasına kömək edir. Food Quality and Preference jurnalında yayımlanan araşdırmaya görə, acı bibərdəki kapsaisin maddəsi bədəndə istilik yaranmasını gücləndirir və bununla da metabolizmanı təxminən 5 faiz sürətləndirir.
                
             
                        
E-saglam.az xəbər verir ki, Pensilvaniya Universitetindən tədqiqatçı Dr. Paige Cunningham bildirib ki, yeməklərə az miqdarda acı bibər əlavə etmək həm iştahanı azaldır, həm də daha az yeməyə səbəb olur. Kapsaisin, həmçinin beynin aclıq və toxluq hissini idarə edən hissəsinə təsir edərək daha uzunmüddətli toxluq yaradır.
Diyetoloq Haley Robinson isə qeyd edib ki, “acı bibər bədən istiliyini və enerji sərfini artırır, bu da kalori yandırma prosesini sürətləndirir.”
Eyni zamanda Harvard alimləri də bildiriblər ki, müntəzəm acı yemək ürək-damar sağlamlığını dəstəkləyə bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, acı yeməkləri çox miqdarda və yağlı qidalarla birlikdə qəbul etmək əks təsir göstərə bilər.
Qısası, ölçülü şəkildə acı bibərdən istifadə həm maddələr mübadiləsini aktivləşdirir, həm də iştahanı tənzimləyərək arıqlamağa kömək edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az