Mütəxəssislər xəbərdarlıq edir: Rəng dəyişiklikləri orqanizmdə ciddi problemlərin göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, sidiyin rəngi bədənin ümumi sağlamlıq vəziyyəti və maye balansı barədə mühüm məlumat verir. Açıq sarıdan tünd qəhvəyiyə qədər dəyişən tonlar, sadə susuzluqdan tutmuş, qaraciyər və böyrək xəstəliklərinə qədər müxtəlif vəziyyətlərə işarə edə bilər.
Mütəxəssislər bildirir ki, normal halda sidik açıq sarı rəngdə olmalıdır. Rəngin dəyişməsi isə insanın qidalanma vərdişləri, dərman istifadəsi və bədənindəki su miqdarı ilə əlaqəlidir.
Aşağıda sidiyin fərqli rənglərinin mənaları göstərilib:
Açıq sarı / şəffaf sarı: Orqanizmdə kifayət qədər su olduğunu və maye balansının normal səviyyədə olduğunu göstərir.
Tünd sarı: Bədən susuz qalıb, daha çox su qəbul etmək lazımdır.
Qəhvəyi: Şiddətli susuzluq və ya qaraciyər yolları ilə bağlı problemlərin əlaməti ola bilər. Bəzi qidalar və dərmanlar da bu rəngə səbəb ola bilər.
Qırmızı / çəhrayı: İdrarda qan ola bilər. Lakin çuqundur və ya böyürtkən kimi qidalar da bu rəngi verə bilər.
Narıncı: Havuç kimi bəzi tərəvəzlər və dərmanlar səbəb ola bilər. Bəzən qaraciyər və öd yolları xəstəlikləri ilə də əlaqədardır.
Yaşıl / mavi: Nadir hallarda müşahidə olunur, adətən dərmanlar, qida boyaları və ya bakterial infeksiyalar nəticəsində yaranır.
Ağ / bulanıq: Sidik yolları infeksiyası əlaməti ola bilər.
Tünd qəhvəyi: Böyrək və qaraciyər xəstəliklərinin göstəricisi ola bilər.
Kəskin qoxulu sidik: Adətən susuzluq, infeksiya və ya maddələr mübadiləsi pozğunluqları ilə əlaqəlidir.
Mütəxəssislər vurğulayır ki, sidiyin rəngi və qoxusundakı dəyişikliklər uzun müddət davam edirsə, bu, sadəcə susuzluq deyil, daha ciddi xəstəliklərin xəbərçisi ola bilər.
“Sidik bədənimizdəki daxili tarazlığın aynasıdır. Rəngdə və qoxuda davamlı dəyişiklik hiss edən hər kəs mütləq həkimə müraciət etməlidir,” – deyə həkimlər tövsiyə edir.
Tərcümə: Nəzrin Abbas