Son illərdə uşaqlar arasında döymə və pirsinq etdirmə halları artıb. FBM Tibb Mərkəzinin Estetik-Plastik Cərrahiyyə mütəxəssisi professor Hayati Akbaş bildirib ki, bu meyl həm psixoloji, həm də fiziki baxımdan ciddi risklər daşıyır.
E-saglam.az xəbər verir ki, professorun sözlərinə görə, uşaqlar hələ inkişaf mərhələsində olduqları üçün xarakter və şəxsiyyətləri tam formalaşmayıb:
“Son vaxtlar uşaqlarda döymə etdirmə və dil, burun kimi hissələrə pirsinq taxdırma halları çoxalıb. Bu çox təhlükəli tendensiyadır. Ailələr bu məsələdə son dərəcə diqqətli olmalıdır,” – deyə Akbaş xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, uşaqların döymə etdirməyə marağının arxasında çox vaxt psixoloji amillər, məşhurlara bənzəmək arzusu və dost təsiri dayanır:
“Uşaqlar bəyəndikləri şəxslərin bədənindəki döymələri təqlid etmək istəyirlər. Amma bu, gələcəkdə peşmançılıq və mənfi nəticələr doğura bilər,” – deyə Akbaş bildirib.
Professor vurğulayıb ki, uşaq yaşda edilən döymələr gələcəkdə peşə seçiminə mane ola bilər:
“Yanıma gələn çox sayda gənc, hətta uşaq, ‘Dövməmi sildirmək istəyirəm, polis və ya əsgər olmaq istəyirəm, amma döyməm buna mane olur’ deyərək kömək istəyir. Bu, çox acı bir mənzərədir,” – deyə o bildirib.
Akbaşın sözlərinə görə, pirsinq tətbiqləri də bədəndə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər:
“Xüsusilə dil və burun kimi bölgələrdə aparılan pirsinqlər infeksiya, iltihab, deformasiya və hətta bədənin müəyyən hissələrinin itirilməsinə səbəb ola bilər. Bəzi zədələr isə müalicə olunmur,” – deyə mütəxəssis xəbərdarlıq edib.
Sonda professor valideynlərə mühüm çağırış edib:
“Ailələr övladlarının bu cür meyllərini vaxtında fərq etməli və qarşısını almalıdır. Döymə və pirsinqlər uşaqların gələcək təhsilinə, sosial həyatına və peşə seçiminə mənfi təsir göstərə bilər. Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür”.
Tərcümə: Nəzrin Abbas