Gözəllik-dəb
 Dermatoloq açıqladı: Mövsümi saç tökülməsi
Gözəllik-dəb
104

Dermatoloq açıqladı: Mövsümi saç tökülməsi nədən yaranır?

Havaların soyuması ilə saç tökülməsindən şikayət edənlərin sayı artır. Mütəxəssislərə görə, bu hal çox vaxt ciddi xəstəliyin deyil, bədənin mövsümi reaksiyasının göstəricisidir.

E-saglam.az xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına əsasən, ölkədə 8 milyon qadın və 6,5 milyon kişi saç tökülməsindən əziyyət çəkir. Dermatoloq Dr. Pol Farrent bildirir ki, orta hesabla bir insanın başında 100 min saç teli olur və bunların təxminən 10 faizi istənilən anda tökülmə mərhələsindədir.

Mövsümi dəyişikliklərin təsiri:

Farrentə görə, xüsusilə temperaturun dəyişməsi saçın böyümə dövrünü təsirləndirir:

“Soğuq aylarda saç tökülməsi daha nəzərə çarpır. Bu, adətən sentyabr ayında başlayan və ‘mövsümi saç tökülməsi’ adlanan vəziyyətdir".

Saç böyüməsi dörd mərhələdən ibarətdir: anagen (böyümə), katagen (keçid), telogen (dincəlmə) və ekzogen (tökülmə). Mövsümi dövrdə bu mərhələlərin bir hissəsi eyni vaxtda baş verir və nəticədə saç tökülməsi daha çox hiss olunur.

D vitamini ilə əlaqə:

Mütəxəssis hesab edir ki, bu proses yay aylarında artan D vitamini səviyyələri ilə bağlı ola bilər:

“Günəş işığı saç köklərinin fəaliyyətinə təsir edir. Temperatur düşdükdə daha çox saç telogen mərhələsinə keçir".

Yaxşı xəbər odur ki, bu növ tökülmə adətən təxminən üç ay davam edir və qalıcı saç itkisinə səbəb olmur.

Nə zaman narahat olmalı?

Dr. Farrent xəbərdarlıq edir: “Əgər saç tutam-tutam tökülürsə, baş dərisində seyrəklik və ya açıq sahələr yaranırsa, bu, qalıcı kellik, sədəf və ya tiroid problemləri kimi xəstəliklərin əlaməti ola bilər.”

Sağlam saçlar üçün qidalanma vacibdir.

Saç tellərinin əsas hissəsi zülaldan ibarətdir. Buna görə də zülal, dəmir, sink, folat və omega-3 ilə zəngin qidalar saç böyüməsini dəstəkləyir.

Mütəxəssis əlavə edir:

“Təzə qidalar yemək, yuxu rejiminə diqqət etmək və stresi azaltmaq saç tökülməsini azalda bilər. Qış aylarında saç dərisi daha quru olur, ona görə də tez-tez yumaq saçın təbii yağ balansını poza və iltihab yarada bilər".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun