2025-ci ilin ilk 9 ayı ərzində Yeni Klinikanın Daban testi otağında 847 644 topuq testi müayinəsi aparılıb. Bu müddətdə müayinədən keçən 169 529 yeni doğulmuş körpədən 114-nün nəticəsi pozitiv çıxıb.
E-saglam.az xəbər verir ki, nəticələri pozitiv olan uşaqların valideynləri müvafiq tibb müəssisələrinə dəvət olunub. Aşkar edilən xəstəliklərə uyğun olaraq valideynlərə hansı ixtisaslı həkimə müraciət etməli olduqları barədə məlumat verilib, maarifləndirici tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, TƏBİB-in tabeliyindəki doğum şöbələrində topuq testi üçün götürülən qan nümunələri laborator müayinə məqsədilə Yeni Klinikaya göndərilir. Klinikanın xüsusi laboratoriyasında “Guthrie kartları” adlanan filtr kağızları üzərində aparılan analizlər zamanı fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenital sindrom və hipotireoz kimi irsi və metabolik xəstəliklərin izləri araşdırılır.
Müayinələri aparan mütəxəssislər bu sahədə xüsusi təlimlər keçmiş peşəkar həkimlərdir.
Topuq testi yenidoğulmuş körpənin topuq nahiyəsindən qan nümunəsi götürülməsi ilə həyata keçirilir. Qan nümunəsi, adətən, vaxtında doğulan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından əvvəl doğulanlardan isə 1 həftə sonra götürülür.
Bildirilib ki, topuq testinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində ödənişsiz şəkildə həyata keçirilir.