Sadə, lakin güclü bir vərdiş: gündə yalnız bir meyvə yemək. Alimlər bildirirlər ki, bu sadə addım bədənə düşündüyünüzdən daha böyük təsir göstərir.
E-saglam.az xəbər verir ki, araşdırmalara görə, müntəzəm meyvə istehlakı immunitet sistemini gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır və maddələr mübadiləsini tarazlaşdırır. Harvard Universiteti İctimai Səhiyyə Məktəbinin 2023-cü il araşdırması göstərib ki, gündə 1–2 porsiya meyvə yeyən insanlarda vaxtından əvvəl ölüm riski 20% daha aşağıdır.
Ürək-damar sağlamlığı üçün təbii qalxan
"British Medical Journal"da dərc olunan bir araşdırma da meyvələrin ürək xəstəliklərinə qarşı qoruyucu təsirini təsdiqləyib. Məlum olub ki, müntəzəm meyvə yeyənlərdə infarkt riski 25%, insult riski isə 30% azalır. Alma, banan, portağal və üzüm kimi kaliumla zəngin meyvələr qan təzyiqini tənzimləyir və damar elastikliyini artırır.
İmmunitet və enerji gücləndirilməsi
Meyvələr C vitamini, folat, lif və antioksidantlarla zəngindir. Bu maddələr bədəni virus və bakteriyalardan qoruyur, immunitet sistemini gücləndirir. Mütəxəssislər bildirirlər ki, xüsusilə qış aylarında hər gün bir parça meyvə yemək qrip və soyuqdəymə riskini azaldır. Meyvələrdəki təbii şəkərlər isə gün ərzində enerji səviyyəsini sabit saxlayır.
Dəriyə və həzmə təsiri
Liflə zəngin meyvələr həzmi asanlaşdırır, bağırsaq sağlamlığını dəstəkləyir. C vitamini ilə zəngin olanlar isə dəridə kollagen istehsalını artıraraq canlı və parlaq görünüş yaradır. Harvard Tibb Məktəbindən Dr. Elizabeth Klodas deyir: “Meyvə təbiətin ən güclü qocalma əleyhinə əlavəsidir”.
Əhval-ruhiyyəni də yaxşılaşdırır
Kembric Universitetində aparılan tədqiqat göstərir ki, meyvələrdəki B vitaminləri və maqnezium sinir sistemini tarazlaşdırır. Nəticədə, gündəlik meyvə yeyən insanların stress və narahatlıq səviyyəsi daha aşağı olur.
Bədəndə zəncirvari yaxşılaşma yaradır
Dietoloq Dr. Amanda Çen vurğulayır: “Gündə yalnız bir meyvə yemək bədəndə zəncirvari yaxşılaşma prosesi başladır – qan şəkəri tənzimlənir, həzm normallaşır və immun sisteminin reaksiyası güclənir”.
Tərcümə: Könül Oruc