Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən monitorinq aparılıb.
E-saglam.az xəbər verir ki, yoxlama zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarəti, dezinfeksiya və digər sanitariya tədbirlərinin icrası qiymətləndirilib. Monitorinq nəticəsində heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu müəyyən edilib. Sahibkarlara yoluxucu xəstəliklərin qarşısının alınması üçün zəruri tövsiyələr verilib.
AQTA-nın məlumatına görə, epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə 25 oktyabr 2025-ci ildən etibarən ölkə üzrə heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bildirilib ki, sağlamlaşdırma tədbirləri başa çatdıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bazarların fəaliyyəti bərpa ediləcək.