Yeni araşdırmaya görə, sidik yolu infeksiyalarının (UTI) əhəmiyyətli hissəsi çirklənmiş ət vasitəsilə ötürülən E. coli bakteriyalarından qaynaqlana bilər.
E-saglam.az xəbər verir ki, Corc Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, Cənubi Kaliforniyada UTI hallarının təxminən 18%-i heyvan mənşəli E. coli növləri ilə əlaqəlidir.
Tədqiqat zamanı eyni məhəllələrdən həm xəstələrdən, həm də pərakəndə satışda olan ət məhsullarından 5 mindən çox bakteriya nümunəsi toplanıb. Nəticələr göstərib ki, ən çox risk toyuq və hinduşka ətlərində müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, aşağı gəlirli bölgələrdə yaşayan insanlar bu infeksiyalara daha çox məruz qalır. Qadınlar və yaşlı kişilər də xüsusilə risk qrupuna daxildir.
Alimlər istehlakçılara ət məhsullarını yaxşı bişirməyi, çiy ətlə təmasdan sonra əlləri yumağı və mətbəxdə çarpaz çirklənmədən çəkinməyi tövsiyə edirlər.
Qeyd edək ki, araşdırma “mBio” jurnalında dərc olunub.
Tərcümə: Nəzrin Abbas