– Ən çox yayılan viruslar hansılardır?
Həkimin sözlərinə görə, bu mövsümdə əsasən qrip (A və B tipləri), rinovirus, adenovirus, paraqrip və respirator-sinsitial virus (RS-virus) daha çox yayılır. Qrip “adi soyuqdəymə”yə nisbətən daha ağır keçir. RS-virus və paraqrip virusları xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir.
– Yoluxuculuq nə qədər davam edir?
Qrip və digər KRVİ zamanı insan adətən simptomlar başlamazdan 1–2 gün əvvəl yoluxdurucu olur. Yoluxuculuğun ən yüksək dövrü ilk 3–5 gündür. Xəstəliyin 7-ci günündən sonra adətən yoluxduruculuq azalır. Uşaqlarda və immuniteti zəif şəxslərdə bu müddət daha uzun ola bilər.
– Kimlər qrip peyvəndi vurdurmalıdır?
Peyvənd 6 aylıqdan yuxarı bütün şəxslər üçün uyğundur, lakin risk qrupundakılar üçün daha vacibdir:
yaşlılar, xroniki xəstəlikləri olanlar (diabet, ürək, ağciyər, böyrək xəstəlikləri), hamilələr, səhiyyə işçiləri və çoxlu insanla təmasda olan şəxslər.
– Peyvənddən sonra immunitet nə qədər qalır?
Eyvazov bildirib ki, qrip peyvəndinin qoruyucu təsiri 6–12 ay davam edir. Virusların tez-tez dəyişməsi səbəbindən hər il yenidən peyvənd olunmaq lazımdır. Qoruyucu immunitet peyvənddən 2–3 həftə sonra formalaşır, buna görə də ən uyğun vaxt payız aylarıdır.
– Qrip peyvəndi digər peyvəndlərlə eyni anda vurula bilərmi?
Bəli, mümkündür. Qrip vaksini demək olar ki, bütün digər peyvəndlərlə eyni vaxtda vurula bilər, lakin fərqli nahiyələrə yeridilməlidir. Yalnız BSJ peyvəndi ilə eyni vaxtda tətbiqi tövsiyə edilmir.
– Qrip peyvəndi digər viruslardan da qoruyurmu?
Xeyr, qrip peyvəndi yalnız qrip A və B tiplərinə qarşı spesifik qoruma yaradır. Lakin bəzi hallarda immun sistemini gücləndirərək digər respirator infeksiyalara qarşı da dolayı təsir göstərə bilər.
Həkim vurğulayıb ki, qripə qarşı vaksinasiya xəstəliyin ağır fəsadlarının qarşısını almaq və epidemik dövrdə əhalini qorumaq üçün ən effektiv vasitədir.
E-saglam.az