Diyetoloq Nadejda Litvinova-Grazion yemək zamanı şirə və şəkərli qazlı içkilərin qəbul edilməsinin sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, bu barədə “SM-Clinic” mütəxəssisi öz açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, bu içkilər mədə astarını qıcıqlandıraraq həzm pozğunluqlarına səbəb ola bilər. Şirələrdə və qazlı içkilərdə çoxlu sadə şəkərlər və turşular mövcuddur ki, bu da xüsusilə qida ilə birlikdə qəbul edildikdə mədəyə mənfi təsir göstərir.
“Bu içkilərdəki şəkər tez sorulur və qan şəkərinin kəskin artmasına səbəb olur, bu da pankreas üçün əlavə yük yaradır. Şəkərli diabet və ya qlükoza tolerantlığı pozulmuş insanlar üçün bu, xüsusilə zərərlidir,” – deyə diyetoloq qeyd edib.
Litvinova-Grazion bildirib ki, şəkərli içkilər yüksək kalorilidir, lakin qida dəyəri demək olar ki, yoxdur – lif və faydalı maddələr çatışmır. Nəticədə, bu içkilər gündəlik kalorilərin artmasına, çəki yığılmasına və diş minasının zədələnməsinə səbəb olur.
Mütəxəssis xəbərdarlıq edib ki, uzun müddət şəkərli içkilərin müntəzəm istifadəsi piylənmə, metabolik sindrom, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır.
O, alternativ olaraq saf su, qazsız mineral su, şəkərsiz bitki və ya ətirli çay içməyi tövsiyə edib.
Tərcümə: Nəzrin Abbas