E-saglam.az xəbər verir ki, bu barədə “Gemotest” laboratoriyasının mütəxəssisi Ekaterina Kaşux RT-yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, ideal səhər yeməyi Harvard boşqabı prinsipi ilə – kompleks karbohidratlar, zülallar və sağlam yağların balansı əsasında tərtib olunmalıdır.
Kaşux qeyd edib ki, bütöv taxıllar orqanizmin əsas enerji mənbəyidir, yumurta və kəsmik isə uzunmüddətli toxluq hissi yaradır. Sağlam yağlar üçün isə səhər yeməyinə avokado və qoz-fındıq əlavə etmək məsləhətdir.
İçkilərlə bağlı həkim xəbərdarlıq edib ki, mədə turşuluğu və yanması olan insanlar günə limonlu su ilə başlamamalıdırlar, çünki bu, mədə selikli qişasını qıcıqlandıraraq narahatlıq yarada bilər. Lakin sağlam insanlar üçün bir stəkan isti limonlu su yüngül tonik təsiri göstərə bilər, sadəcə ondan “möcüzəvi təmizləyici” effekt gözləmək olmaz.
Kaşux hər kəsi qidalanma ilə bağlı fərdi xüsusiyyətlərini nəzərə alaraq həkimlə məsləhətləşməyə çağırıb.
Bundan əvvəl Çinin Ningxia Tibb Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyini atlamaq metabolik sindromun inkişaf riskini artırır. Bu sindrom piylənmə, yüksək qan təzyiqi, qanda şəkər və xolesterin səviyyəsinin artması ilə xarakterizə olunur.
Tədqiqatçılar vurğulayıblar ki, səhər yeməyi vərdişi gün ərzində qida davranışına nəzarət etməyə və zərərli – duzlu, şəkərli, yağlı qidalara meyli azaltmağa kömək edir.