Yeni elmi araşdırma göstərib ki, insan beyninin ən yüksək fəaliyyət dövrü gənclik illərində deyil, 55–60 yaş aralığında müşahidə olunur.
E-saglam.az xəbər verir ki, Avstraliyanın Qərbi Avstraliya Universitetindən professor Jill E. Jinyak və onun komandası tərəfindən aparılan və Intelligence jurnalında dərc olunan tədqiqatda bildirilir ki, beynin bütün psixoloji göstəriciləri birlikdə nəzərdən keçirildikdə, ümumi idrak performansı məhz bu yaşda zirvəyə çatır.
Alimlər məntiqi düşünmə, yaddaş, bilik səviyyəsi, məlumat emalı sürəti, eləcə də emosional sabitlik və şəxsiyyət xüsusiyyətləri daxil olmaqla 16 müxtəlif psixoloji göstəricini araşdırıblar. Bu xüsusiyyətlər arasında “Böyük beşlik” kimi tanınan – kənara yönümlülük, vicdanlılıq, duyğusal sabitlik, təcrübəyə açıqlıq və uyğunluq kimi davranış göstəriciləri də yer alıb.
Tədqiqatın nəticələrinə əsasən, bəzi idrak qabiliyyətləri yaş artdıqca zəifləsə də, vicdanlılıq 65 yaşda, duyğusal tarazlıq isə 75 yaşda ən yüksək səviyyəyə çatır. Eyni zamanda, əxlaqi düşünmə və qərəzlərə qarşı müqavimət kimi bacarıqlar 70 yaşa qədər inkişafını davam etdirir.
Ümumilikdə müəyyən olunub ki, beyin funksiyaları 55–60 yaşda ən yüksək səviyyəyə çatır, 65 yaşdan sonra tədricən azalır, 75 yaşdan sonra isə eniş prosesi sürətlənir.
Mütəxəssislər hesab edirlər ki, bu nəticə bir çox liderlərin və yüksək vəzifəli şəxslərin niyə 50 yaşlarında daha səmərəli fəaliyyət göstərdiyini izah edir.
Prof. Jinyakın sözlərinə görə, yaş artdıqca bəzi qabiliyyətlər zəifləsə də, təcrübə, emosional balans və əxlaqi düşünmə bu itkini kompensasiya edir və daha düzgün qərarların qəbuluna şərait yaradır.
Araşdırma həmçinin yaşla bağlı stereotiplərin yenidən dəyərləndirilməsinin vacibliyinə diqqət çəkir. Alimlər hesab edirlər ki, karyera və işə qəbul proseslərində yaş deyil, bacarıq və potensial əsas götürülməlidir.
Prof. Jinyak nəticələri belə yekunlaşdırıb:
“Orta yaş bir geriləmə yox, insan beyninin olğunluq və balans baxımından zirvəyə çatdığı dövrdür. Cəmiyyət bu mərhələni ‘geri sayım’ deyil, ‘zirvə nöqtəsi’ kimi qəbul etməlidir.”
Tərcümə: Nəzrin Abbas