Dermatoloqların sözlərinə görə, kəpək baş dərisinin ən çox rast gəlinən problemlərindən biridir və onun əsas səbəbləri arasında stress, hormonal dəyişikliklər, düzgün olmayan qidalanma və saç baxım vasitələrinin həddindən artıq istifadəsi dayanır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kəpəklə effektiv mübarizə aparmaq üçün ilk növbədə antifungal tərkibli şampunlardan istifadə edilməlidir. Bu məhsullar baş dərisində göbələk yaranmasının qarşısını alır və qaşınmanı azaldır.
Həkimlər həmçinin saçların müntəzəm yuyulmasını, lakin isti sudan uzaq durulmasını tövsiyə edirlər, çünki isti su dərini qurudur və kəpəyin yaranmasını sürətləndirir.
Qidalanmanın da bu prosesdə böyük rolu var. Dermatoloqlar vitamin B qrupu, sink və omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulunun kəpəyin qarşısını almağa kömək etdiyini vurğulayırlar.
Evdə tətbiq olunan təbii üsullar arasında aloe vera gəli, alma sirkəsi və çay ağacı yağı kimi vasitələr də baş dərisini sakitləşdirir və kəpəyin azalmasına kömək edir.
Mütəxəssislər xəbərdarlıq edir ki, problem uzun müddət davam edərsə və qaşınma ilə yanaşı saç tökülməsi də müşahidə olunarsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.