TƏBİB tabeli tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımı ilə bağlı yeni metodoloji sənəd təqdim olunub.
E-saglam.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının təşkili və göstərilməsi ilə bağlı hazırlanmış metodoloji sənədin təqdimatı keçirilib.
Tədbir, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilən səhiyyə islahatlarının növbəti mərhələsi çərçivəsində baş tutub. Təqdimat TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli qərarı ilə təsdiqlənmiş “İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya Sənədi” və Bərdə rayonu üzrə pilot layihə çərçivəsində təşkil edilib.
Tədbirdə Bərdə rayonu və ətraf regionlardan olan səhiyyə nümayəndələri, həkim-mütəxəssislər və tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov sənədin əhəmiyyətini vurğulayıb və islahatların regionlarda tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını qeyd edib.
TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova çıxışında ilkin tibbi-sanitariya yardımı ilə bağlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, metodoloji sənəd mövcud normativ-hüquqi sənədlər, həmçinin yerli və beynəlxalq təcrübə əsasında hazırlanıb.
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı aparılmış islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib.
Təlimat sənədi Hüquq departamentinin Korporativ hüquq şöbəsinin baş məsləhətçisi Gülnar Hacıyeva tərəfindən təqdim olunub. O, sənəddə əksini tapan əsas istiqamətlər – qanunvericilik tələbləri, nəzarət və hesabatlılıq mexanizmləri, eləcə də xidmət keyfiyyətinin artırılmasına yönəlmiş müasir yanaşmalar barədə məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların praktiki sualları cavablandırılıb.
Qeyd edək ki, yeni metodoloji sənəd TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı müəssisələri üçün istiqamətverici sənəd kimi nəzərdə tutulub. Onun tətbiqi ilkin səhiyyə xidmətlərinin daha səmərəli təşkili və əhalinin tibbi yardıma əlçatanlığının artırılmasına xidmət edəcək.