Qastroenteroloq Evgeni Belousov payız mövsümünün ən faydalı meyvələrindən birinin xurma olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, bu meyvə ürək-damar sisteminin sağlamlığını qorumağa kömək edən kalium, maqnezium və antioksidantlarla zəngindir.
“Xurma ağıllı şəkildə istifadə edildikdə bədənə böyük fayda verir. Tərkibindəki antioksidant və vitaminlər orqanizmi gücləndirir, çatışmazlıqların qarşısını alır və ümumi sağlamlığı dəstəkləyir. Lakin yetişməmiş xurmanın çox istifadəsi mədə narahatlığına səbəb ola bilər,” – deyə mütəxəssis xəbərdarlıq edib.
Həkim böyüklərə gündə 1-2 ədəd xurma istehlak etməyi, onu kəsmik, qoz-fındıq və ya əsas yeməkdən sonra desert kimi qəbul etməyi tövsiyə edib.
Xurma A, C və B qrupu vitaminləri, kalium, maqnezium, kalsium və liflə zəngindir. Bu tərkib həzmi normallaşdırır, xolesterin səviyyəsini tənzimləyir və bağırsaq sağlamlığını qoruyur.
Belousov əlavə edib ki, 100 qram xurma 160-180 mq kalium ehtiva edir. Bu mineral ürək və əzələlərin normal fəaliyyətini dəstəkləyir. Meyvədəki tanenlər, kateşinlər və antosiyaninlər isə iltihab əleyhinə və antioksidant təsir göstərərək ürək sağlamlığını gücləndirir.
Tərcümə: Nəzrin Abbas