Son vaxtlar bir çox pasiyentlər eyni narazılığı səsləndirir: klinikaya vaxtında gedirlər, amma ya cihaz işləmir, ya həkim gəlməyib, ya da müayinə yarımçıq qalır.
Mövzu ilə bağlı E-saglam.az saytına şikayətlər daxil olub.
Baku Medical Plazada pasiyent öncədən MRT üçün yazılıb, lakin təyin olunan gün xəstəxanaya çatanda məlum olub ki, cihaz işləmir və heç kim onu əvvəlcədən xəbərdar etməyib. (Tarix: 21 oktyabr 2025)
Oxşar vəziyyət Referans Klinik Laboratoriyada da yaşanıb. 17 oktyabr 2025-ci il tarixində pasiyentlər check-up müayinəsi üçün müraciət edir, analizlər, testlər tamamlanır, amma sonda deyilir ki, "UZİ" (USM) həkimi və endokrinoloq yoxdur. Nəticədə müayinə yarım qalır və vətəndaşa sadəcə “sabah yenidən gəlin” deyilir. Vətəndaş da artıq pulunu ödədiyi üçün məcbur səhəri gün yenə gəlməli olur. Bu dəfə USM həkiminin qəbuluna düşə bilsə də, endokrinoloqa düşə bilmir. Bazar günü olduğu üçün o da qalır birinci günə. Bir check-up müayinə üçün 3 dəfə xəstəxanaya gəlib saatlarla vaxt itirmək...
Bu şikayətlər cəmi bir neçə gün ərzində E-saglam.az saytına gələnlərdir. Bunun kimi bilmədiyimiz və oxşar nə qədər hallar baş verir.
Əgər bir özəl xəstəxana pasiyentdən yetərincə ödəniş alırsa, bəs bunun qarşılığında niyə keyfiyyətli şəkildə xidmət göstərə bilmir?
Şikayətlərlə bağlı suallarımızı sözügedən klinikalara yönəltmişik, cavab gözləyirik.
Qeyd edək ki, bu hallar sadəcə texniki və ya təşkilati problem deyil. Bu, pasiyent hüquqlarının birbaşa pozulmasıdır.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə, vətəndaş aldığı tibbi xidmətlə bağlı hər bir dəyişiklik barədə vaxtında məlumat almalıdır. Xəstəyə xəbər verməmək, onun vaxtını və etimadını dəyərləndirməməkdir.
Pasiyentlər təkcə sağlamlığını yox, həm də vaxtını, işini, planlarını bu müayinələrə uyğunlaşdırır. Kimisi uzaqdan gəlir, kimisi iş yerindən icazə alır... Amma nəticədə “cihaz işləmir” və ya “həkim yoxdur” kimi cümlələrlə qarşılaşır.
Saytımıza daxil olan məlumata görə, "Diaqnoz" Tibb Mərkəzinin də MRT cihazında problemlər yaşanıb.
Yenilənib - 18:30
Baku Medical Plazadan E-saglam.az-ın sorğusuna cavab olaraq bildirilib:
"Baku Medical Plaza klinikalar şəbəkəsinin Babək filialının Radiologiya şöbəsində MRT yoxlanışına müraciət edən vətəndaşlar ilə qəbul saatları əvvəlcədən razılaşdırılır. Əgər hər hansı bir dəyişiklik və ya texniki nasazlıq baş verirsə əvvəlcədən müraciətçilərə xəbərdarlıq edilir. Qeyd etdiyiniz vətəndaş klinikaya yaxınlaşdığı zaman texniki nasazlıq baş verdiyindən pasiyenti xəbərdar etmək mümkün olmayıb.
Hazırda bu müayinə ilə bağlı müraciət edən pasiyentlər Baku Medical Plaza klinikalar şəbəkəsinin Mərkəz filialına yönləndirilir".
Könül Oruc