Terapevt Ekaterina Sysoeva xəbərdarlıq edib ki, şəkərin həddindən artıq istehlakı qaraciyərin məhv olmasına səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, o, "NEWS.ru"ya açıqlamasında qaraciyəri qorumağın sadə və effektiv yollarını sadalayıb.
Mütəxəssisin sözlərinə görə, artıq şəkər, xüsusilə də fruktoza, qaraciyər hüceyrələrində yağ yığılmasına və alkoqolsuz piylənmə xəstəliyinin inkişafına gətirib çıxarır. Bu isə insulin müqaviməti və iltihabi proseslər kimi metabolik pozğunluqlara səbəb ola bilər.
Sysoeva şəkər və şəkərli içkilərin qəbulunu məhdudlaşdırmağı, həmçinin pəhrizdə tərəvəz, meyvə, paxlalı bitkilər və tam taxılların payını artırmağı tövsiyə edir. Bu qidalar bağırsaq mikroflorasını gücləndirərək qaraciyərin metabolizmasını yaxşılaşdırır.
Həkim həmçinin çəkiyə nəzarət etməyi, fiziki aktivliyi artırmağı və alkoqolun miqdarını azaltmağı məsləhət görür. Qaraciyərin vəziyyətini izləmək üçün müntəzəm tibbi müayinələr, o cümlədən qlükoza və lipid səviyyəsinin yoxlanılması da vacibdir.
Tərcümə: Nəzrin Abbas