Yeməklərin təravətini və qida dəyərini qorumaq üçün ən effektiv üsullardan biri dondurmadır.
E-saglam.az xəbər verir ki, "X5 Club" proqramının ev iqtisadiyyatı üzrə mütəxəssisi Arina Samoylova bildirib ki, dondurma zamanı məhsulların tərkibindəki vitamin və minerallar daha yaxşı qorunur, halbuki konservləşdirmə zamanı yüksək temperatur onların əksəriyyətini məhv edir.
Ekspert həmçinin xəbərdarlıq edib ki, qida və hazır yeməkləri plastik qablarda saxlamaq sağlamlıq üçün təhlükəli ola bilər. “Petrovsky adına Rusiya Cərrahiyyə Mərkəzi”nin mütəxəssisi Valeriya Zaretskayanın sözlərinə görə, bəzi plastik qablar (xüsusilə “3”, “6” və “7 (PC)” işarəliləri) zərərli kimyəvi maddələr ifraz edərək ürək ritminə mənfi təsir göstərə bilər. O, mikrodalğalı sobada plastik qablardan istifadə etməməyi və qidaların saxlanması üçün daha təhlükəsiz materiallara üstünlük verməyi tövsiyə edib.
Samoylova qeyd edib ki, dondurulmuş məhsulların saxlama müddəti məhsulun növündən asılıdır: balıq və toyuq maksimum üç ay, tərəvəz və meyvələr isə bir ilə qədər dondurucuda qalaraq keyfiyyətini qoruyur. “Yeməkləri təzə halda dondurmaq həm dad, həm də qida dəyərinin itməməsi baxımından daha məqsədəuyğundur,” – deyə mütəxəssis əlavə edib.
Tərcümə: Nəzrin Abbas