Xəbərlər
Azərbaycanda ət
Xəbərlər
176

Azərbaycanda ət niyə bahalaşır?

Azərbaycanda son aylarda ətin qiymətlərində müşahidə olunan artım ictimai diqqət mərkəzinə çevrilib. Hazırda ölkədəki supermarketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı ötüb. Niyə Azəbaycanda ət bahalaşır?

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı trend.az-a danışan iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, ətin qiyməti Azərbaycanda bazar şərtlərinə uyğun nizamlanır. Bununla bağlı hər hansı bir inzibati tənzimlənmə mövcud deyil.

“Ətin qiymətinin dəyişməsi iqtisadi əsaslara söykənir. Burada qiymətlərə tələb-təklif, idxal olunan məhsulların məbləği təsir edir. Hazırda Azərbaycanda daha çox real qiymətləri dəqiqləşdirən yerli ət məhsullarıdır”.

Cəfər İbrahimli qeyd edib ki, idxal olunan ət məhsullarına tələbatda kifayət qədər artıb, amma yerli ət məhsullarına tələb daha çoxdur.

“Son 3-4 ildə heyvandarlığın yem bazasının qiymətlərinin kifayət qədər artmasını müşahidə edirik. Bu da təklif olunan ət məhsullarının qiymətinə təsir edir. Bazarda formalaşan qiymətlər də son illər artan xətt üzrə inflyasiya rəqəmləri paralelində davam edir”,- iqtisadçı ekspert əlavə edib.

İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, ölkədə ətin bahalaşması davam edir:

Bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda istehlakın azalmaması, əksinə artmasıdır. Qiymətlərin stabilləşməsi üçün tələbatın azalması lazımdır, lakin artan qiymətləri əhali qarşılaya bilir. Bununla da yeni bazar tarazlıqları formalaşır. Qiymətlərin artmasının digər səbəbi saxlanılan heyvanların sayında azalmanın olmasıdır.
 
X.Kərimli qeyd edib ki, 2021-ci ilin yanvarı ilə və müqayisədə 2025-ci ilin iyulunadək olan rəqəmləri müqayisə etsək, görərik ki, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var.

“2021-ci ilin yanvarında ölkədə iribuynuzlu heyvan sayı 2651000 idisə, 2025-ci ilin iyulunda bu rəqəm 7,4% azalaraq 2454000baş olub”.

İqtisadçı ekspert bildirib ki, qiymətlərin tənzimlənməsində təbii ki, idxal da mühüm rol oynayır.

“Ötən illə müqayisədə bu ilin yanvar-may aylarında ölkəyə idxal edilən ətin həcmində 11%-dək azalma var. İdxal olunan ətin tonnajında qiymət azalması müşahidə olunmaqdadır. Bu da əsasən, quş ətinin ucuzlaşması hesabınadır. Ötən il ölkəyə idxal edilən ətin ortalama qiyməti 2185 dollar idisə, bu rəqəm hazırda 2063 dollardır. Saxlanılan heyvanlarının sayının azalmasının davam etməsi, ət idxalının azalması, tələbatın isə stabil artımla müşahidə olunması bazarda qiymətləri artırır”,- X.Kərimli qeyd edib.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun